Ilkin olaraq paytaxt Bakıda başlanacaq layihə “Coca-Cola” şirkəti tərəfindən maliyyələşdiriləcək və ADA Universitetinin Enerji və Ətraf-Mühit üzrə Xəzər Mərkəzi tərəfindən həyata keçiriləcək.
Layihənin əsas məqsədi eko-sistemdən faydalanaraq ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır.
Əsas məqsədin əldə olunmasına çalışmaqla yanaşı, layihə ekoloji məsələlərə ictimaiyyətin diqqətinin çəkilməsi və ölkədə bu sahədə məlumatlılığın artırılması üçün müxtəlif ictimai fəaliyyətlər, eləcə də, tədqiqat işləri və elmi nəşrlərin həyata keçirilməsini nəzərdə tutur.
Layihənin davamlılığının təmin edilməsinin ən vacib üsullarından biri kimi ağacların əkilməsi prosesinə könüllü gənclərin cəlb olunması və prosesin məhz gənclərə etibar olunması planlaşdırılır. Bu isə adıçəkilən layihənin əsas fəlsəfəsi olan “qızıl üçlük (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə inam prinsipi” ilə üst-üstə düşür.
Layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan (“drip irrigation”) istifadə olunacaq ki, bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcək.
Qeyd edək ki, Azərbaycanda meşələr ölkə ərazisinin cəmi 11,4%-ni əhatə edir ki, bu da qəbul olunmuş qlobal standartlardan iki dəfə azdır.