Nəqliyyat naziri Ziya Məmmədov kollegiya iclasında avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işlərə, eyni zamanda, bu sahədəki çatışmazlıqlara toxunaraq bunların ilk növbədə layihələrin icra müddəti, təmir-tikinti işlərinin keyfiyyəti və yolların mühafizəsi ilə bağlı olduğunu bildirib.
“Trend”-in məlumatına görə, Z.Məmmədov bir sıra layihələrin icrası müddətində podratçılar tərəfindən gecikmələrə yol verildiyini diqqətə çatdırıb, həmçinin icra intizamının möhkəmləndirilməsi, nəzarət sisteminin gücləndirilməsi, layihələrin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib. Yol İstismar idarələri tərəfindən avtomobil yollarının və yol qurğularının cari saxlanma vəziyyətinin lazımi səviyyədə təmin olunmadığını vurğulayan nazir infrastruktur obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi üçün də tapşırıqlar verib.
Nazir dövlət proqramları və tədbirlər planlarında yol infrastrukturunun inkişafı üzrə müəyyən edilmiş tədbirlərin, eləcə də Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin inkişafı, həmçinin yol nişanlarının quraşdırılması və onlara xidmət göstərilməsi, o cümlədən ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini qeyd edib. O deyib ki, bir sıra obyektlərdə görülən işlərin keyfiyyəti onu qane etmir; qeyd olunan sahələrdə təsirli tədbirlərin görülməsini, işlərin keyfiyyətinin artırılmasını, icra olunan layihələrin bütün mərhələlərdə yalnız yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsini və ciddi nəzarətin tətbiq edilməsini “Azəryolservis” ASC-nin rəhbərliyindən və podratçı təşkilatçılardan tələb edib.
Nəqliyyat naziri Z.Məmmədovla “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin üzvü Cavid Qurbanovun münasibətlərinin gərgin olması barədə məlumatlar xeyli vaxtdır yayılır. Müəyyən məqamlar isə hətta təsdiqlənib. Məsələn, ötən il APA Hesablama Palatasına istinadla məlumat yaymışdı: “Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə Şəki rayonunun Vərəzəd və Zəyzid kəndlərini birləşdirən yolda körpünün yenidən qurulmasına, Nəqliyyat Nazirliyinin ”Azəryolservis" ASC tərəfindən Zaqatala və Qax yol istismar idarələrinə yolların saxlanılması üçün ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə hesabat və rəy müzakirə olunaraq təsdiq edilib. Müzakirələrdən sonra auditin nəticələri barədə Milli Məclisə məlumat verilməsi barədə qərar qəbul edilib”.
O vaxt mediada yayılan məlumatlarda Hesablama Palatasının “Azəryolservis” ASC-də apardığı ciddi araşdırmaların arxasında nəqliyyat naziri Ziya Məmmədov dayandığı bildirilirdi – Hesablama Palatasına nəqliyyat nazirinin qudası Heydər Əsədov rəhbərlik edir. Həmin məlumatlara görə, Z.Məmmədov C.Qurbanovu sıradan çıxartmaq üçün qudası Heydər Əsədovu işə qatmışdı. Bu ilin martın hökumətin Milli Məclisə hesabatı zamanı yoxlamanın nəticələrinin müzakirəyə çıxarılacağı gözlənilir.
Məlumatlarda Z.Məmmədovla C.Qurbanov arasındakı münaqişənin maliyyə axınlarına nəzarət uğrunda rəqabətdən qaynaqlandığı iddia edilirdi. Konkret olaraq “Azəryolservis” ASC-nin 130 milyon manatlıq tenderlərini udan və C.Qurbanovun himayəsində olan “Samur Holding” MMC və “Kəpəz V” MMC-nin “ümumi fonda” ödənişlərini azaltması nəqliyyat nazirini qəzəbləndirib və buna görə də deputatı hədəfə götürmüşdü.
Kollegiya iclasında nazirin C.Qurbanovun işini sərt tənqid etməsi də bunun göstəricisidir. Özü də kollegiya iclası peşə bayramı gününə - 22 fevral Avtomobil yol işçilərinin peşə bayramına təsadüf edir (“Azəryolservis” ölkə prezidentinin 22 fevral 2007-ci il tarixli fərmanı ilə yaradıldığından həmin günü yol işçilərinin peşə bayramı kimi qeyd edirlər). Bayram günündə Z.Məmmədovun C.Qurbanovu danlamasını münasibətlərin dalana dirənməsi kimi qiymətləndirmək də olar.
Bununla belə, C.Qurbanovun da Z.Məmmədov qarşısında geri çəkilmək niyyətində olmadığını düşünmək mümkündür. Çünki kollegiya iclasından dərhal sonra C.Qurbanov YAP-ın rəsmi saytı olan yap.org.az-a müsahibə verərək, yol təmiri-tikintisində nailiyyətləri sadalayıb və yalnız ölkə prezidenti qarşısında məsuliyyət daşıdığını dolayısıyla Z.Məmmədovun diqqətinə çatdırıb. Müsahibədən sitat: “Növbəti illərdə nəzərdə tutulan işlər daha böyükdür. Belə ki, yaxın bir neçə ildə Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının, piyada keçidlərinin tikintisi, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin təmiri nəzərdə tutulub. Bu sırada yol işçilərindən qarşıdakı illərdə daha yüksək işgüzarlıq tələb olunur. Ona görə də tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmək üçün ilin ilk günlərindən işlərin intensiv şəkildə aparılmasına başlanılıb. Fəaliyyətində daim dövlət başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutan yol işçiləri qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını sərf edəcək”.
Maraqlıdır ki, geniş müsahibədə o, bir dəfə də olsun Nəqliyyat Nazirliyinin və Z.Məmmədovun adını çəkməyib. Sanki birbaşa prezidentə tabe olan müəssisənin rəhbəri kimi danışıb. Ancaq “Azəryolservis” ASC-nin səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsus olduğundan, adi etik və subordinasiya qaydalarına görə Nəqliyyat Nazirliyinin və nazirin adının çəkilməli idi. Görünür, Z.Məmmədovun təqiblərindən qurtulmaq üçün C.Qurbanov hakimiyyətin üst qatına çıxış əldə edib və kollegiya iclasından dərhal sonra yap.org.az saytına müsahibə verməklə nazirə əzələ nümayiş etdirib.
Sonda onu da qeyd edək ki, mərhum prezident Heydər Əliyevin işdən qovduğu C.Qurbanov Z.Məmmədovun təminatı və yardımı ilə reabilitasiya olunub və hazırda ölkənin strateji müəssisələrindən birinə başçılıq edir. Z.Məmmədovun ona qarşı hazırki aqressiyasının kökündə bu amil də dayanır – belə bir şəxsin ona xəyanətini həzm edə bilmir.