Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdə bildirib.
İtaliya ilə Azərbaycanın gömrük orqanlarının gələcək əməkdaşlığından danışan səfir iki ölkənin uyğun qurumları arasında münasibətlərin genişləndirilməsi üçün heç bir problemin olmadığını qeyd edib.
Aydın Əliyev də bildirib ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır:
“2005-ci ildə gömrük sahəsində iki ölkə arasında imzalanan saziş, eləcə də gömrük xidmətlərinin səmərəli fəaliyyəti əməkdaşlığın genişlənməsinə əlavə stimul verir, tərəflərin qarşılıqlı inteqrasiyasını sürətləndirir”.
O, Azərbaycanla İtaliya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini qeyd edib.
DGK sədri bu sahədə perspektivlərdən danışıb, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.