Azərbaycanda hava şəraiti nisbətən dəyişəcək, temperatur bir neçə dərəcə enəcək və yağıntılı olacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Məlumata görə, fevralın 22-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Bakı və Abşeron yarımadasında havanın temoeraturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da fevralın 22-də hava bəzi yerlərdə yağıntılı olacaq. Mülayim qərb küləyi əsəcək. Dağətəyi və dağlıq rayonlarda qar yağacaq.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-5 dərəcə isti olacaq.
Fevralın 23-də də eyni hava şəraiti proqnozlaşdırılır.