Sabah Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək, temperatur bəzi yerlərdə gündüz saatlarında 17 dərəcə olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Qərb, şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.
Fevralın 21-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.