Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanları zamanı istifadə edilən test tapşırıqlarının çətinlik səviyyəsinin artırılması barədə səslənən fikirlərə münasibət bildirib.
M.Abbaszadə bu gün keçirilən müşavirədə deyib ki, testlər hər ilin məzunlarının bilik səviyyəsinə uyğun hazırlanır: "2011-ci ildən biz açıq testlər tətbiq edirik. Açıq testlər qiymətləndirmə üçün daha dəqiq alətdir. Ancaq biz açıq testləri daxil etdikdən sonra qəbul nəticələri dəyişməyib".
İki il bundan əvvəl ilk dəfə buraxılış imtahanları keçirdiklərini deyən TQDK sədrinin sözlərinə görə, bu il ilk dəfə olaraq, 2 il əvvəl 9-cu sinif məzunlarının 11-ci sinif məzunu kimi bilik səviyyələri yoxlanacaq: "Onda biz biləcəyik ki, bu 2 ildə uşaqların bilik səviyyəsi necə yüksəlib. Təbii ki, burada yalnız məktəblərin deyil, repetitorların da rolu var. Çünki abituriyentlərin bir qismini onlar hazırlaşdırırlar".