YBu yaxınlarda müdafiə naziri general- polkovnik Zakir Həsənov cəbhə bölgələrində yerləşən hərbi hissələrdə olmuşdur. Müdafiə nazirinin öz əsgərinin yanında olması, onun qayğıları ilə maraqlanması əsgər və zabitlərin əhval-ruhiyyəsinin qaldırılması yolunda ən təsirli addımdır. Öz nazirindən bilavasitə tövsiyələr alan əsgər onu daim öz yanında hiss edərək ruh yüksəkliyini daim saxlayır və bu ruh yüksəkliyi bu günlərdə bütün ordunu əhatə edir.
Nazir səfərdə olduğu müddətdə yerli sakinlərlə də görüşür, onların dəyanətini, çətinliklərə sinə gələrək, ağır şəraitlərə dözərək ata-baba yurdunda yaşamağa davam etmələrini çox yüksək dəyərləndirmişdir. Yerli sakinlərin dediklərinə həssaslıqla yanaşan nazir onların təhlükəsizlikləri üçün müvafiq tapşırıqlar vermiş və onları əmin etmişdir ki, torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir. Qoy sərhəd bölgəsində yaşayan Aərbaycan vətəndaşları əmin olsunlar ki, qəsbkar ermənilər lap bu yaxınlarda rədd olub getməyə məcbur olacaqlar. Bunu deməyə tam əsasımız vardır. Çünki, ölkə rəhbəri cənab İlham Əliyevin orduya diqqət və qayğısı Ali Baş Komandan kimi onun işinin prioritet hissəsidir. Bu qayğıdan yaralanaraq hərbi sahədə, müdafiə sahəsində bundan sonra da müvafiq dəyişikliklər aparılacaq, islahatlar həyata keçiriləcəkdir.
Ordu rəhbərinin hərbi hissələrə səfəri çərçivəsində Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general- polkovnik Nəcməddin Sadıqov və digər yüksək rütbəli zabitlər də iştirak etmiş və müdafiə nazirindən yerindəcə əmr və tapşırqlar almışlar. Yeni nazirin hamı üçün yeni, maraqlı və ümidverən iş üsulu ölkə vətəndaşlarının geniş təbəqəsində rəğbətlə qarşılanır. Elə bunların nəticəsidir ki, ölkə vətəndaşları müxtəlif arzu və təkliflərlə görülən işlərə öz münasibətlərini bildirirlər.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Şurası Rəyasət Heyəti üzvləri müdafiə naziri general-leytenant Zakir Həsənova müraciət etmişdir. Müracitədə deyilir: “Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə naziri təyin olunduğunuz qısa müddətdə gördüyünüz tədbirlər bizə ruh verir, bütün xalqımızı sevindirir. Bunlar hamısı göz qabağındadır. Sizə bu yorulmaz fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayırıq! Sizin tez-tez cəbhə bölgələrinə gedərək Vətən müdafiəçilərinin problemlərini yerindəcə həll etməyiniz, xidmətdə fərqlənən əsgər və zabitlərimizi qiymətləndirməyiniz, peşakar və qabiliyyətli hərbi qulluqçuların yuxarı vəzifəyə təyin olunması, həmçinin şəhid olmuş, döyüşçülərin əsgəri ənənələrə uyğun olaraq son mənzilə yola salınması, ailələrinə dayaq olmağınız bütün ictimaiyyət kimi bizim də yeni müdafiə nazirinə rəğbətimizi artırır.”
Bütün bunlar xalqın yeni rəhbərliyə olan dərin inamının, görüləcək işlərin müsbət nəticələr verəcəyinə olan arxayınlığın ifadəsidir. Məhz buna görədir ki, general-polkovnik Z.Həsənova“Dədə Qorqud” Milli Fondunun, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının və Veteranlar Şurasının təsis etdiyi “Vətən övladı” xatirə nişanı təqdim edilmişdir.
YENİMEYDAN . info