Son dövrlər cəbhə xəttində Ermənistanın silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması təcavüzkar qonşumuzun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir və Azərbaycanın həyata keçirdiyi silahlı qüvvələrin modernləşdirilməsi siyasətinə haqq qazandırır.
Bu gün Azərbaycanın illik hərbi büdcəsi 3,3 milyard dolları keçir. Ən müasir texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələrimiz göstəricilərinə görə keçmiş sovet məkanında ən güclü və döyüş hazırlıqlı ordulardan biri hesab olunur. Ölkəmizin iqtisadiyyatı inkişaf etdikcə gəlirləri artır, paralel olaraq, silahlı qüvvələrin modernləşdirilməsi, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesi həyata keçirilir. Bədxahlarımız Azərbaycanın bu siyasətini militarizasiya kimi qələmə verməyə çalışsalar da, bütün bunlar münaqişənin danışıqlar yolu ilə həllinə yönəlmiş vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılan məcburi addım olması beynəlxalq ictimaiyyətə məlumdur.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) dünya ölkələrinin hərbi büdcələri barədə hesabatında da göstərilib ki, son illər dünyada hərbi sahəyə ən çox vəsait ayıran dövlət Azərbaycandır. Dövlətimizin öz hərbi xərclərini bu cür sürətlə və davamlı şəkildə artırmasını zəruri edən səbəblər vardır. Silahlı qüvvələrin sərəncamında olan sovet istehsalı, köhnəlmiş hərbi texnikanı yeniləmək, onu ən müasir texnologiyalar əsasında hazırlanmış döyüş vasitələri ilə təchiz etmək, habelə silahlı qüvvələrin şəxsi heyətinin sosial vəziyyətini yaxşılaşdırmaq və hərbi tədrislə yeni metodikanı tətbiq etmək dövrün tələbinə çevrilmişdir. Hərbi xərcləri artırmaqla, Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayeni formalaşdırmışdır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində indi yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir.
BMT-nin Adi Silahların Registrində və digər açıq mənbələrdə yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan öz Hərbi Hava Qüvvələrini modernləşdirilmiş döyüş təyyarələri, helikopterləri, yeni nəsil döyüş texnikası almaqla xeyli gücləndirib. Azərbaycan indi güclü hava hücumundan müdafiə sistemi də qurub.
Azərbaycan Xəzərdə ikinci ən güclü hərbi donanmaya malikdir. Tərkibinə sahil mühafizə divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizionu daxil olan, əsasən suüstü gəmilər briqadasından ibarət Hərbi Dəniz Qüvvələri sərəncamında onlarla müxtəlif tipli və təyinatlı gəmilər var.
Azərbaycan öz ordusunu müasir döyüş vasitələri ilə təchiz etməklə yanaşı, şəxsi heyətin NATO standartlarına uyğunlaşdırılmış peşəkar hazırlıq keçməsinə də xüsusi önəm verir. Silahlı Qüvvələrimiz 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin xeyli sayda üzvü müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edir.
Azərbaycan silahlı qüvvələri NATO və BMT-nin bir sıra sülhməramlı əməliyyatlarına da fəal dəstək verir. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölmələri Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq sülhməramlı qüvvələr tərkibində xidmət edirlər.
Müdafiə Nazirliyi sistemində aparılan bir sıra kadr islahatları da ordu quruculuğunun daha da möhkəmləndirilməsinə hesablanmışdır. Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin olunan general-polkovnik Zakir Həsənovun həmin təyinata qədər rəhbərlik etdiyi Daxili Qoşunlarda nizam-intizam hökm sürmüşdür. Cəmiyyətdə formalaşmış birmənalı ictimai fikir mövcuddur ki, son aylarda edilən kadr dəyişiklikləri Müdafiə Nazirliyi və onun strukturlarında xidmət edən şəxsi heyətin mənəvi-psixoloji durumunun da möhkəmlənməsinə gətirib çıxaracaq. Razılaşaq ki, bu amil torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.
Beləliklə, Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyü və suverenliyinin dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm faktordur.
Azad Hacıyev