Zəngin ənənələrinə malik olan, dünyanı sarsıdan türk döyüşçülərinin övladları necə oldu ki, torpaqlarımızı əldən verdilər? Tarixdə ermənilərin adı yox ikən türk babalarımızın qılıncı dörd iqlimdə işləyirdi, eyni vaxtda bir neçə yerdə məmləkətlər qururdu və onun sərhədlərini qoruyurdu. Doğrudanmı, türkün döyüş əzmi bu qədər zəiflədi, yaxud ermənilər hərb sənətini bir anda öyrəndilər? Xeyr, bunların heç biri real deyildir! Konfliktin ilk vaxtlarında Azərbaycanlı gənclərin necə ruh yüksəkliyi ilə döyüş bölgələrinə can atmağı ayrı-ayrı döyüşçülərimizin qəhrəmanlıqları hələ də yaddaşlarda yaşayır. Lakin vuruşan qəhrəman döyüşçülər müxtəlif dəstələrdə vuruşduğundan, ümumi plan və yekdil komanda yox idi.
Ordumuzun bu gün nail olduğu struktur dəyişikliyindəki nailiyyətlərə nəzər yetirəndə insan həm fəxr edir, həm də təəccüb edir ki, məgər bütün bu tədbirlər o vaxtkı ordu rəhbərlərinə məlum deyildi? Heç olmasa, bir qərargahdan əmr və sərəncamlar verilsəydi, nə o qədər itkilərimiz olmazdı, nə də 20 faiz torpaqlarımız əldən getməzdi.
Bu gün ordumuzun artan qüdrəti qarşısında vahiməyə düşən erməni qəsbkarları yeganə dayağı olan rus himayəsindən də məhrum olurlar. Onlar Azərbaycan ordusundakı köklü dəyişiklikləri, artan hərbi büdcəni, Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsal olunan yüzdən çox adda hərbi təyinatlı məhsulları gördükdə uşaq kimi «cığallıq» etməyə başlayırlar. Görəsən torpaqlarının bir hissəsi zəbt olunmuş böyük bir qaçqınlar ordusu olan dövlət silahlanmağa, ordusunu NATO standartlarına uyğun şəkildə qurmağa, bir sözlə, müharibəyə tam şəkildə hazır olmağa haqlı deyilmi? Ona «millitarist» damğası yapışarmı?
Bu il hərbi büdcəmiz 3,3 mlrd. dolları keçmişdir. Həm də bu məbləğ büdcənin əhalinin güzəranın hesabına yox, sadəcə artan büdcənin mütənasib qaydada artan hərbi xərclərin hesabına olmuşdur. Ölkəmizin ordu quruculuğundakı bu istiqamət insanda fərəh, qələbəyə inam doğurur. Düşməndən qisas almaq hər birimizin qəlbində uzun illər yaşasa da, buna zəmin olmamışdı. Lakin onsuz da güclü Azərbaycan ordusu yeni nazirin təyinatından sonra bir daha uğurlu struktur dəyişikliyinə məruz qaldı. General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra ordu quruculuğunda müsbət istiqamətdə yeni dəyişikliklər başlanmışdır. Xarici ekspertlərin rəyinə əsasən büdcədən ayrılan hərbi xərclərin miqdarına əsasən Azərbaycan ən öndə duran ölkədir. Bu isə Azərbacan əsgərində, hər bir ölkə vətəndaşında ruh yüksəkliyi yaradır. Qarabağ düyünü artıq öz-özünə həll olunmaqdadır. Bu gün-gündən artan hərbi qüvvəmizin diktə etdiyi şərtlərin hesabına baş verir. Əks halda isə Ali Baş Komandanımızın «Hücum!» əmrinə müntəzir Azərbaycan əsgəri qısa zaman kəsiyində bu problemi çözmək qüdrətindədir. Xalqımızın orduya, onun rəhbərliyinə inamı böyükdür. Bu inam Orduya çağırışçıların göndərilməsindən tutmuş, hərbi işə, hərbi məktəblərə, hərb sənətinə marağı qədər hər şeyi əhatə edir.
Azərbaycan xalqının uzun illər ərzində ordu barədəki arzuları gerçəkləşir!
Yenimeydan.info