Prezident İlham Əliyev fevralın 11-də “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı verdiyi fərman cəmiyyətdə maraqla qarşılanıb.
Sözügedən fərmana əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən "ASAN imza" vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılması nəzərdə tutulur. Bu yolla "ASAN ödəniş" sistemində aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini, qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılması, inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsi həyata keçiriləcək ki, bu da vətəndaşların üzləşdiyi yersiz çətinliklərin qarşısının alınmasına hesablanıb.
Fərman imzalandıqdan bir neçə gün sonra daxili işlər naziri Ramil Usubov yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi üçün prezidentə müraciət edib. Həmin müraciət əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı əsaslandırılıb.
Təklifə görə, sürücülük hüququnun məhdudlaşdırılması qanunvericilikdə yenə də qalacaq, amma bu, bal ilə hesablanmayacaq. Yəni bu təkmilləşdirmə, sadələşdirmə vətəndaşın qayda pozuntusuna görə daha rahat ödəniş etməsinə şərait yaradılması ilə bağlıdır.
Bu iki maraqlı və qeyd etdiyimiz kimi rəğbətlə qarşılanan dəyişiklikdən sonra oxucular da “Qafqazinfo”ya üçüncü təkliflə müraciət göndəriblər və bu problem də aradan qaldırılsa, vətəndaşların mövqeyinin daha çox güclənəcəyini iddia ediblər: Onların müraciətini təqdim edirik:
“Cənab prezidentin fevralın 11-də imzaladığı fərmanla son dövrlər vətəndaşları, xüsusilə sürücüləri ciddi narahat edən “radara düşmüsən” oyununa son qoya biləcək ciddi tapşırıqlar verildi. Lakin bu da insanları narahat edən əsas problemi həll etmədi. Yol polisinin qeydiyyat şöbələrində tüğyan edən qanunsuzluqlar hələ də qalmaqdadır.
Belə ki, cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən avtomobillərin qeydiyyatı və nömrə nişanlarının verilməsi məsələsində hələ də şəffaflıq təmin olunmayıb. Avtomobil qeydiyyata alındıqda adi nömrə olmasına baxmayaraq hər bir avtomobilin qeydiyyatı üçün 250-300 manat pul alınır. Məntiqlə düşünsək qeydiyyat nömrəsi dövlət tərəfindən vətəndaşa deyil, avtomobilə verilən tanınma nişanıdır. Yəni, nömrə maşına ona görə verilir ki, həmin maşını digərlərindən fərqləndirməklə tanısın. Bu sahədə də cəmiyyətdə narazılıq yaradan iri korrupsiya maşınını dayandırmaq üçün təklif edərdik ki, hər bir avtomobilin qeydiyyat nömrəsi ilkin qeydiyyata alındıqda bir dəfə verilsin və avtomobil sahibinin dəyişdiyi hallarda avtomobilin nömrəsi dəyişdirilməsin. Bununla nömrə alqı-satqısının qarşısı alınacaq və cəmiyyətdə bəzi şəxslərin “nömrə xəstəliyi” də aradan qalxacaq”.