Bərdə rayonunda mənşəyi bəlli olmayan, tonlarla ət aşkar olunub.
Bu barədə məlumatı AzNews.az-a Dövlət Baytaralıq Xidməti (DBX) mətbuat xidmətinin rəisi Yolçu Xanvəli verib.
Y. Xanvəli deyib ki, Bərdə rayonunda mənşəyi bəlli olmayan, yararsız 10 tona yaxın ət aşkar olunub.
Onun sözlərinə görə, bu gün DBX tərəfindən keçirilən reyd zamanı yararsız ət məhsulları Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində aşkar olunub. Sözü gedən ərazi şəhərin Səməd Vurğun küçəsi 9 ünvanında yerləşir. Hazırda aşkar olunan ətlər çəkilir. Bu ətlər iri və xırda buyuzlu heyvanlara məxsusdur. Əksəriyyəti köhnəlmiş ətlərdir. Onların arasında murdar olmuş heyvan ətləri də var. Reydlərə göstəriş Kənd Təsərrüfatı Naziri Heydər Əsədov tərəfindən verilib.
Y. Xanvəli əlavə edib ki, nazirə sözü gedən ərazidə yararsız heyvan mənşəli ətin olması ilə bağlı məlumat daxil olub. Bundan sonra DBX-nin sözügedən ərazidə reyd keçirməsinə dair göstəriş verilib: “Hazırda yararsız ətlərdən nümunə götürülür. Bununla bağlı müvaffiq tədbirlər görüləcək. İlkin ehtimala görə sözügedən ətlərin kolbasa emal müəssisələrinə göndərilməsini də istisna edilmir.
Hər halda müvaffiq araşdırmadan sonra, sözü gedən ətlərin hara göndərilməsi bəlli olacaq.