Baş verən yol qəzalarının statistikası və təhlillər onu göstərir ki, həyatımıza, məişətimizə daxil olan mobil aparatlar müsbət tərəfləri ilə yanaşı, xeyli insan ölümünə də səbəb olur.
Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, insanlar çox zaman yola çıxanda fikirli olur, bəzən isə sükan arxasında ailə və məişət problemlərini həll etməyə çalışırlar. Bu isə çox zaman acı nəticələrə gətirib çıxarır: "Biz istər piyada, istərsə də sürücü olaq, bütün məişət problemlərini nədənsə çox zaman yola çıxanda fikirləşirik. Ən çox da sürücülər bu problemləri sükan arxasında həll etməyə çalışırlar. Bir də görürsən ki, avtomobili idarə edərkən əlində mobil telefonla danışır və müəyyən ailə-məişət problemlərini həll etməyə çalışır. Bu problemi avtomobili kənarda saxlayıb və ya getdiyi mənzil başına çatdıqdan sonra da həll etmək olar. Nədənsə sürücülər bu problemləri sükan arxasından düşəndən sonra həll etməyi özləri üçün vaxt itkisi kimi qəbul edirlər. Amma çoxlu faktlar var ki, sürücünün sükan arxasında məhz əldə telefonla danışması səbəbindən ağır yol qəzası baş verib".
K.Əliyevin sözlərinə görə, piyadaların qulaqcıqlar taxaraq səkidən kənar yollarda hərəkət etmələri də ciddi təhlükə yaradır: "Xüsusən də gənc nəsil qulaqcıqlardan daha çox istifadə edir. Əvvəllər peycerlərdən istifadə edərkən baş qarışırdı, indi isə telefonla ya radioya, ya hansısa musiqiyə qulaq asırlar, ya da hərəkətdə ola-ola internetə girirlər. Bütün bunlar bir çox piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə müşayiət edilir. Qulağında qulaqcıq olduğuna görə isə onlar çox zaman yaxınlaşan təhlükəni hiss edə bilmir, avtomobillərin verdiyi siqnalları vaxtında eşitmirlər. Bu isə sonda piyadaların avtomobillər tərəfindən vurulması, hətta onların ölümü kimi acı nəticələrə gətirib çıxarır".
Şöbə rəisi BDYPİ adından bir daha sürücülərə və piyadalara müraciət edərək onları yollarda diqqətli olmağa, "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi əməl etməyə, özlərinin və ətrafındakı insanların həyatlarını təhlükəyə atmamağa çağırıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə sükan arxasında telefonla danışan sürücü inzibati məsuliyyətə cəlb edilərək 50 manat, yol hərəkəti qaydalarını pozan piyadalar isə 20 manat cərimə olunurlar.