Borçalı Partiyasına təkcə Kvemo-Kartlidə yaşayan həmyerlilərimiz üzv olmayacaqlar. “Partiyanın proqramını və nizamnaməsinə qəbul edən istənilən Gürcüstan vətəndaşı onun üzvü ola biləcək. Bundan başqa, Azərbaycanda yaşayan Borçalı əsillilər də partiya üzvü, hətta onun rəhbərliyində belə təmsil oluna bilərlər. Boçalı Partiyasının qarşısında duran əsas vəzifə isə Kvemo-Kartli, tarixi Borçalı ərazisində muxtariyyata nail olmaqdır”, - deyə mənbə bildirir.
Bu arada, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev mətbuata bu ölkədə fəaliyyət göstərən “Obyektiv” telekanalına müsahibəsində deyib ki, Rusiyada yaşayan Gürcüstan əsilli şəxslər, ilk növbədə Söyun Sadıqovun adamları tərəfindən “Müstəqil Borçalı”nın xəritəsi, himn, gerbi hazırlanıb və əhali arasında paylanır.
Babayev bildirib ki, Cavaxetiyada yaşayan və özləri üçün çoxdan bayraq, gerb, himn hazırlayan separatçı ruhlu ermənilərdən fərqli olaraq Borçalı əhalisi heç vaxt Gürcüstanın ərazi bütövlüyünə qarşı çıxmayıb, separatçı əhval-ruhiyyədə olmayıb: “Biz qəti olaraq bunu mühakimə edirik. Mən artıq Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, separatizmin arxasında duran bu insanları müəyyənləşdirsinlər. Gürcüstan azərbaycanlıları bu ölkənin ərazi bütövlüyünü dəstəkləyirlər. Söyün Sadıqov kimi insanlar Azərbaycan və Gürcüstan arasındakı münasibətlərə zərbə vura bilməyəcəklər”.