Yenimeydan.info bildirir ki, bu barədə axar.az-a neft sektorunda çalışan və ixtisara düşməsindən ehtiyat edən işçilər məlumat verdi.
Neftçilər dedi ki, iş yerlərini itirmək onların illərdir həsrətində olduqları evdən də məhrum edir:
"Neçə ildir ki, ev növbəsindəyik. İndi idarənin başqa idarələrə birləşdirilməsi və kütləvi ixtisarların olması gündəmdədir. Bizim idarə ilə başqa idarəni birləşdirəndə məcburi ixtisarlar gedəcək. Çünki hər texnika və ixtisas üzrə ştat yerlərin sayı məhduddur. Belə olan halda ixtisar olunmağımız qaçılmazdır. Bu idarədə 25 ildir ki, çalışırıq. Ev növbəmizin vaxtı da çatıb. Dövlət hesabına güzəştli ev almalı idi. İndiki vəziyyətdə isə işi itirməklə bərabər, həm də ev növbəsini itirəcəyik. Bu isə 25 illik işimizi heç edir”.
Neft İstismar və İxtisaslaşdırılmış Xüsusi Texnika idarələri ilə bərabər ARDNŞ-ın nəzdində olan Geofizika və Geologiya İdarəsinin üç istehsalat müəssisəsi – Kəşfiyyatgeofizika, Mədəngeofizika və Kompleks geoloji-kəşfiyyat və topoqrafiya idarələrinin ləğv edilməsi də planlaşdırırlır.
Qeyd edək ki, ARDNŞ-də ciddi struktur islahatları və ixtisarlar 2 ildir ki, aparılır. 2011-ci ildə Sosial İnkişaf İdarəsinin tabeliyində olan mənzil-istismar idarələri, təhsil və səhiyyə ocaqları şirkətin tərkibindən çıxarılaraq təyinatına uyğun qurumlara verilmişdi.