Həmin maddəyə əsasən, hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.
223-1-ci maddəyə edilmiş dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, yaxud banklar tərəfindən “Qrant haqqında” qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.
Başqa bir yeniliyə əsasən, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimələnir.
Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.
Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.