Qurani-Kərimin məhz ərəbcə oxunmasının əhəmiyyəti çox böyükdür. Çünki Qurani-Kərim insanların qəlbləri üçün bir şəfadır”.
Bunu Modern.az-a “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib.
O, Milli Məclisin bugünkü iclasında yas mərasimlərində Qurani-Kərimdən olan ayələrin Azərbaycan dilində oxunmasını məqsədəuyğun hesab edən spiker Oqtay Əsədovun fikrinə münasibətində qeyd edib ki, Allah Quranı ərəb dilində nazil edib.
“Oradakı kəlmələrin quruluşunun özündə bir ilahi ahəngi var. Bu da insan ruhuna xüsusi təsir edir. Bununla yanaşı, mən bu fikrin əleyhinə deyiləm ki, Müqəddəs Kitab ərəbcə oxunarkən eyni zamanda ayələrin tərcüməsi insanlara deyilsin. İnsanlar Qurani-Kərimdə nədən söhbət etdiyini bilməlidirlər. Burada din xadimlərinin üzərinə məsuliyyət düşür. Yəni Qurani-Kərimin ayələrini düzgün tərcümə edərək təfsirləri deyilməlidir”.
Ş. Həsənli müxtəlif saytlara özü haqda göndərilən kompromatlara da münasibətini açıqlayıb. Qeyd edək ki, həmin imzasız məktublarda guya 2013-cü ildə “Məşədi Dadaş” məscidində 500-dən artıq siğə kəbinin kəsildiyi və bundan 10 min manatdan artıq gəlir əldə edildiyi vurğulanır.
“Bu haqda məlumatım var. Çox gülünc məsələdir. Yazıdan da göründüyü kimi məntiqsizdir”, – deyə Ş.Həsənli qeyd edib.
Keçən ilin sonlarında sui-qəsdlə təhdid edildiyini xatırladan Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsini son fitvasından sonra yeni təhdidlə üzləşmədiyini vurğulayıb.
“Bəli, İdarənin Qazilər Şurasının iclasında mən də iştirak edirdim. Bundan sonra hədələnməmişəm. Mənə qarşı əvvəlki sui-qəsd təhdidi üzrə isə MTN əməliyyat tədbirləri keçirilib. 3 nəfər həbs edilib. Hazırda istintaq davam edir. Ondan sonra hər hansı təhdidlə qarşılaşmamışam”.