Ölkə Prezidentinin sərəncamı ilə 2013-cü ilin İKT ili elan olunması Balakən rayonunda da bu sahədə görülən işlərə xüsusi təkan verib.
Rayonun indiyədək telefonu olmayan ucqar kəndlərinədə xətlər çəkilib və telefonlaşması təmin olunub. Bu gün istifadəyə verilən 256 abonentlik EATS isə indiyədək cəmi 4 ədəd peyk telefonundan istifadə imkanı olan kənd sakinlərinin xüsusi sevincinə səbəb olub. Açılış mərasimində Balakən RİH-nin başçısı, rayon ictimaiyyəti və kənd sakinləri iştirak edib.
Tədbirdə çıxış edən RİH-nin başçısı İslam Rzayev kənd sakinlərini bu münasibətlə təbrik edib və Balakən rayonunda digər sahələrlə yanaşı İKT sahəsində də inkişafın davam etdiyini bildirdi. Bundan sonra da bu sahədə görülən işlərin daha da genişləndiriləcəyini vurğuladı. Sonra çıxış edənlər ölkə prezidentinə bölgələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını çatdırdılar. Bildirildi ki, Meşəşambul kəndinin telefonlaşması üçün 200-ə yaxın yeni dirək basdırılmış, 4 km optik xətt çəkilib. O cümlədən, müxtəlif tutumlu TPP kabellərindən istifadə olunmaqla daxili xətt şəbəkəsi qurulmuş, əhalinin internetə olan tələbatını ödəmək üçün isə EATS-də 48 portlu, geniş zolaqlı internet avadanlığı quraşdırılıb.
Sonda RİH başçısı bəzi kənd sakinlərinə telefon aparatları hədiyyə edib və onlara həmişə şad xəbərlər eşitmələrini arzulayıb.