Təhsil Nazirliyi paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti nəticəsində Bakıda şagirdlərin dərsə davamiyyəti ilə bağlı mövcud vəziyyəti açıqlayıb. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, bu gün Bakı şəhəri üzrə şagirdlərin dərsə davamiyyətinin keyfiyyət göstəriciləri Yasamal rayonunda 30%, Sabunçu rayonunda 40%, Suraxanı rayonunda 60%, Nərimanov rayonunda 50%, Nizami rayonunda 40%, Xətai rayonunda 40%, Nəsimi rayonunda 50%-ə yaxındır.
Onun sözlərinə görə, davamiyyətlə bağlı ən aşağı göstərici Qaradağ rayonunda qeydə alınıb: “Bu da oranın relyef quruluşu ilə əlaqədardır. Oradakı kəndlər və qəsəbələrdən şagirdlərin dərsə getməsi daha çətin olub”.
Təhsil Nazirliyi məktəblərdə davamiyyətin yoxlanması ilə bağlı reydlərin keçirilməsi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bunların hamısı yalan məlumatlardır: “Şagirdlərin belə havada dərsə gedə bilməməsi qar yağandan sonra yaranmış təbii amillərlə bağlıdır. Belə hallarda dərsə gedə bilməyənlərin üzrlü hesab olunur. Çünki onlar qarın yaratdığı fəsadlar, yol şəraiti və digər səbəblərdən dərsə gedə bilmirlər”.
***
10.40
"Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə davamiyyətlərin azalması müşahidə olunur". Bunu ANS PRESS-ə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov söyləyib. O, qeyd edib ki, Bakıdakı məktəblərdə qarın yağması ilə əlaqədar olaraq şagirdlərin əksəriyyəti dərsə gəlməyib:
"Qarla bağlı məktəblərdə problemlər var. Bu dəvamiyyətə mənfi təsir edir. Bakı şəhərində qarla əlaqədar olaraq tamailə bağlanan məktəb yoxdur. Qarşıdakı günlər qeyri-iş günləri olduğu üçün dərs keçirilməyəcək. Bu iki gündə də qar yağsa da təbii ki, qeyri-iş günü ilə əlaqədar olaraq dərs olmayacaq. Qar yağması ilə əlaqədar olaraq dərsə gedə bilməyənlər üzürlü hesdab olunacaq", - deyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.