“Hadisədən sonra nə həmin vətəndaş, nə də Nəqliyyat Nazirliyindən heç kim mənimlə əlaqə yaratmayıb. Hesab edirəm ki, Nəqliyyat Nazirliyi bu məsələni araşdırıb, əməkdaşını daxili təlimata uyğun cəzalandırmalıdır. Onu da bildirim ki, son vaxtlar Nəqliyyat Departamentinin işçilərindən şikayətlər çox olur. Buna qarşı bir cəza tədbiri görülməlidir ki, digər işçilərə də görk olsun”.
Bu sözlərin müəllifi ötən gecə Bakı şəhərində baş verən avtoqəzada peşə fəaliyyətini yerinə yetirərkən Nəqliyyat Nazirliyinin əməkdaşı Vidadi İsmayılov tərəfindən fiziki təzyiqlərə məruz qalan APA TV-nin əməkdaşı jurnalist Mahir Məmmədlidir. Mahir Məmmədli ”Axar.az”a açıqlamasında hadisəni belə şərh etdi:
“Biz bir az gec gedib çatdıq ora. Ora çatana qədər qəza törədən avtomobilin sahibi ilə “Space” televiziyasının əməkdaşları arasında insident yaşanmışdı. Biz onu çəkəndə telefonla danışırdı, səhv etmirəmsə, Nəqliyyat Nazirliyinin əməkdaşları ilə söhbət edirdi, çünki ora Nəqliyyat Departamentinin işçiləri gəlmişdi. Telefonla danışıb qurtarandan sonra cumdu bizim operatorun üstünə. Mən onun qabağına keçərək dedim ki, biz işimizi görürük. Bundan sonra mənim üstümə cumdu, mən də məcbur olub qarşılıq verdim. Qarşılıq verməyimdə əsas məqsədim kameranı qorumaq idi. Çünki belə vəziyyətlərdə kameraya xələl gətirirlər. Bundan sonra Nəqliyyat Nazirliyinin işçiləri gəldi. Onlar onun adından üzrxahlıq elədilər ki, əsəbidir, fikir vermə”. Xatırladaq ki, yanvarın 30-u gecə saatlarında Bakı şəhərində 01 BL 348 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, yol kənarındakı səkiyə çırpılıb. Hadisə yerində jurnalistlərlə avtomobilin sürücüsü İsmayılov Vidadi Pәnah oğlu arasında insident yaşanıb.