Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirəni açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq respublikamızın 2013-cü ili uğurla başa vurduğunu, bütün sahələrdə mühüm irəliləyişlər baş verdiyini və bunun daxili işlər orqanlarından da yan keçmədiyini bildirib. O deyib ki, son on ildə dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində daxili işlər orqanlarını maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, ən müxtəlif təyinatlı onlarca obyekt, o cümlədən DİN-in Arif Heydərov adına Respublika Hospitalının beynəlxalq standartlara cavab verən, çoxprofilli yeni inzibati binası tikilərək istifadəyə verilib. Tibbi xidmətin müasir səviyyədə təşkil olunması üçün mövcud imkanlardan geniş istifadə olunduğu, ilk növbədə, xəstəliyin daha əvvəl aşkarlanması və qarşısının alınmasında səyyar tibbi baxışların keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər bütövlükdə iş keyfiyyətinin və bu sahədəki müvafiq göstəricilərin yüksəlməsinə imkan verib.
Daha sonra nazir Tibb İdarəsinin və A.Heydərov adına Respublika Hospitalının yeni rəislərini kollektivə təqdim edib və əmin olduğunu bildirib ki, sürətlə dəyişən və inkişaf edən səhiyyə sistemləri ilə ayaqlaşa bilmək üçün müvafiq təkliflər hazırlanacaq, tibb işçilərimiz bütün bilik və bacarıqlarını sərf edərək əməkdaşlarımızın, onların ailə üzvlərinin, daxili işlər orqanları təqaüdçülərinin və ümumən, vətəndaşlarımızın sağlamlığının keşiyində ayıq-sayıq dayanacaqlar.
Tibb İdarəsinin rəisi Mahmud Yusifov və Hospitalın rəisi Ramiz Əkbərov onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, tibbi xidmətin daha da yaxşılaşdırılması, işdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün var qüvvələrini əsirgəməyəcəklərinə söz veriblər.