2015 seçkilərinə hazırlıqlar başladı
Proporsional seçki sistemi bərpa edilə bilər; hakimiyyətə yaxın şəxslər konstitusiya dəyişikliyinə ehtiyac yarandığını bəyan etdilər
Azərbaycan Konstitusiyasına görə parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin avqust ayında keçirilən referendumla proporsional seçki sistemi ləğv edilib. Bundan sonra parlament seçkilərinin həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, bu reallaşmayıb.
Proporsional seçki sisteminin isə özəllikləri daha çoxdur.
Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Sarıyev modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda proporsional seçkiyə birbaşa keçid mümkün deyil. MSK rəsmisinin sözlərinə görə, qanunverici səlahiyyət MSK-nın fəaliyyətindən kənar olduğu üçün proporsional seçki sisteminə keçid Milli Məclisdən asılıdır: “Hər hansı bir hüquqi normativ akta, o cümlədən Seçki Məcəlləsinə dəyişiklik məsələsini Milli Məclis həyata keçirir. MSK sadəcə olaraq qanunları icra edən orqandır. Proporsional seçkiyə keçid üçün qanunvericilikdə müəyyən dəyişiklik aparılmalıdır”.
Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev isə qeyd edib ki, proporsional seçki sisteminə keçid üçün müzakirələr gedir. Onun dediyinə görə, majoritar və proporsional seçki sistemlərinin qarışığına qayıtmaq haqqında da məsələlər gündəmdədir: “Bu zaman parlament üzvlərinin sayının artırılması ilə bağlı məsələlər də vurğulanır. Lakin istər proporsional, istərsə də qarışıq seçki sisteminə keçməkdən ötrü ilk növbədə konstitusiyada dəyişikliklər olmalıdır”.
Ə.Nuriyev proporsional seçki sisteminin üstünlüklərini də sadalayıb: “Bu zaman hökumətin parlamentdə formalaşdırılması daha yaxşı nəticələr verə bilər. Demokratik proseslərin sürətlənməsi ilə yanaşı, siyasi partiya sisteminin formalaşması da güclənəcək. Bununla siyasi rəqabət də təkmilləşəcək”.
Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, proporsional seçki sisteminin bərpası məsələsi gündəmə gələ bilər: “Konstitusiyaya dəyişikliklə bağlı gedən müzakirələrdə parlament seçkilərində qarışıq seçki sisteminin tətbiq olunmasının tərəfdarı kimi çıxış etmişdim. Bu mövqeyimi əsaslandırmışdım. Bu gün də o fikirdəyəm ki, Azərbaycanda parlament seçkilərində həm proporsional, həm majoritar seçki sistemi tətbiq etmək daha əhəmiyyətli olar. Çünki hər iki seçki sisteminin özünəməxsus üstünlükləri var. Proporsional seçki sistemi ölkənin siyasi sistemində partiyaların yerini və rolunu artırır, partiyaların formalaşmasına son dərəcə böyük təsir göstərir, majoritar sistem isə seçicilərlə birbaşa təmaslar, birbaşa ünsiyyətin yaradılması baxımından əhəmiyyətlidir. Bu mövqeyimdə qalıram. Düşünürəm ki, biz qarışıq seçki sisteminin tətbiq olunması üçün referendum keçirməli və Konstitusiyaya dəyişiklik edilməlidir ki, ölkədə parlament seçkilərini qarşıdakı illərdə qarışıq seçki sistemi ilə keçirək. İstisna etmirəm ki, bu məsələ nə vaxtsa gündəliyə gələ və geniş müzakirə predmeti ola bilər”.
Fəzail Ağamalı Azərbaycan hakimiyyətinin mətbəxinə bələd olan şəxslərdən sayılır. İndiyə qədər bir sıra qanunlara edilən dəyişikliklər barədə hələ həmin dəyişikliklər rəsmi gündəliyə çıxarılmazdan öncə məhz F.Ağamalı açıqlamalar verib. Bir müddət keçdikdən sonra isə açıqlamaları, şəxsi fikri kimi dilə gətirdiyi anons xarakterli məsələlər rəsmi reallığını tapıb. 2009-cu ildə konstitusiyanın dəyişdirilərək iki dəfədən artıq prezident seçilməyə qoyulan qadağanın ləğv edilməli olduğu barədə məsələni ilk dəfə ictimai gündəmə məhz Fəzail Ağamalının gətirdiyini xatırlatmaq kifayətdir.
Odur ki, Fəzail Ağamalının indi şəxsi mövqeyi kimi təqdim etdiyi “proporsional seçki sistemi bərpa olunmalıdır” bəyanatının da təsadüfi olmadığı istisna deyil.
Onu da qeyd edək ki, Avropa Şurasının Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq qurumlar da neçə illərdir Azərbaycan hakimiyyətini proporsional seçki sistemini bərpa etməyə çağırır. (Müsavat.com)