Bu nüfuzlu beynəlxalq elmi təşkilat 1873-cü ildən fəaliyyət göstərir. Onun sonuncu, 38-ci konqresi Türkiyə Cümhuriyyəti prezidenti Abdulla Gülün himayəsi və Atatürk mərkəzinin təşkilatçılığı ilə 2007-ci ildə Ankarada keçirilib.
Bakıda olduğu müddət ərzində akademik Xazai Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ilə müzakirələr aparacaq, Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illik yubileyində iştirak edəcək, ölkəmizdə humanitar elmlərin inkişaf perspektivləri ilə tanış olacaq.
Səfər zamanı dünya şərqşünaslarının mötəbər elmi forumunun (sonuncu Ankara konqresində dünyanın 100-ə yaxın ölkəsindən gəlmiş 1500 nəfərə yaxın qonaq iştirak etmişdi) keçirilməsi ilə bağlı təşkilat komitəsinin formalaşdırılması, konqresin yerinin və vaxtının müəyyən edilməsi nəzərdə tutulur.
Bakıya yola düşməmişdən əvvəl Azərbaycanın Budapeştdəki səfiri Vilayət Quliyevlə görüşən akademik Xazai Azərbaycan alimlərinin dünya şərqşünaslıq elminə böyük töhfə verdiklərini, əsrlər boyu Şərqlə Qərb arasında mədəni körpü rolunu oynayan Azərbaycanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etmək üçün çoxdan mənəvi haqq qazandığını diqqətə çatdırıb.
Akademik Georq Xazai yarım əsrə yaxındır ki, Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir. 2011-ci ildə o, şəxsi kitabxanasında saxlanan 1000 nüsxədən çox kitabı və bir sıra arxiv materiallarını Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasına, 2012- ci ildə 300 nüsxə kitabı Naxçıvan Dövlət Universitetinə hədiyyə edib. Bu yaxınlarda Bakıda Azərbaycan MEA Əsaslı kitabxanası tərəfindən Xazai fondunun biblioqrafiyası hazırlanaraq nəşr edilib.