Tədbirdə Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, iş adamları, ziyalılar, ağsaqqallar, Badamdar bələdiyyəsinin üzvləri, qəsəbə sakinləri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov 2013-cü ildə qəsəbədə görülən işlər barədə geniş məlumat verib.
Məlumata görə, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə qəsəbədəki 136 saylı uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. Həmçinin bağçanın yaxınlığındakı T.Məmmədov küçəsi 7 saylı bina və həyəti əsaslı təmir olunub, yeni qazanxana istifadəyə verilib.
Dövlət Proqramına uyğun olaraq qəsəbədə yeni xəstəxana binasının, 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir. A.Abbaszadə küçəsində Bakı - Oksford məktəbi üçün yeni tədris korpusunun inşası başa çatmaq üzrədir.
RİH tərəfindən Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün 2 mərtəbəli 10 mənzilli xidməti yaşayış binası istifadəyə verilib, sakinlərin müraciəti əsasında qəsəbə qəbiristanlığında dini ayinlərin icrası üçün tikili inşa olunub.
Bağlar, Göyüş Qarayev, Əziz Nəzərov, Seyran Məmmədov, Ələddin Ağakişiyev, Nurəddin Paşayev küçələrində və Badamdar şosesində kanalizasiya quyuları təmizlənib, 26 ünvanda kanalizasiya quyuları təmir olunub, 20 çoxmənzilli yaşayış binasına yeni istilik xətləri çəkilib.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.