Bunu nəqliyyat naziri Ziya Məmmədov avtomobil yollarının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı nazirlikdə keçirilən müşavirədə deyib.
Nəqliyyat naziri qeyd edib ki, yolların hərəkət hissəsində kənar təşkilatlar tərəfindən qazılma halları mövcuddur və bu bilavasitə “Azəryolservis” ASC-nin Yolların Mühafizə Xidməti İdarəsinin zəif fəaliyyətinin nəticəsidir.
O yüksək səviyyəli avtomobil yollarının mövcudluğunun iqtisadi inkişafı şərtləndirən amillərdən biri olduğunu qeyd edib, avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işləri ümumilikdə müsbət qiymətləndirsə də bu sahədə mövcud olan nöqsan və çatışmazlıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Nazir işlərin keyfiyyətinə və vaxtında icra olunmasına təsir göstərən, eləcə də istismara verilən obyektlərin vaxtından tez sıradan çıxmasına səbəb olan amillərdən narahatlığını bildirib, yol layihələrinin icrasına kifayət qədər maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, onların yerinə yetirilməsində gecikmələrə yol verildiyini, ağır çəkili və normadan artıq yüklənmiş yük avtonəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasına qarşı təsirli tədbirlərin görülməməsini, layihələrdə iştirak edən çoxsaylı podrat və subpodrat təşkilatlarının mövcudluğunu və bunların fəaliyyətinə lazımi nəzarətin olmamasını, Yol-İstismar İdarələri tərəfindən xidmət göstərdikləri sahələrdə yolların saxlanılmasının qeyri-qənaətbəxş vəziyyətini, bir sıra hallarda icra intizamının aşağı səviyyədə olmasını bir daha diqqətə çatdırıb və bu sahədə ciddi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Z.Məmmədov podratçı və subpodratçı təşkilatlarla, layihə-nəzarət qrupları ilə müqavilələrin bir daha nəzərdən keçirilməsi, keyfiyyət və təhlükəsizlik baxımından müqavilə şərtlərinin daha da sərtləşdirilməsi, gələcəkdə icra olunacaq yol layihələrində yalnız yüksək peşəkarlıqlı şirkətlərə üstünlük verilməsi məsələlərinə də toxunub və bütün bunların yenidən araşdırılaraq müvafiq qərarlar qəbul edilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Nəqliyyat naziri yol infrastrukturunun inkişafı üzrə müəyyən edilmiş tədbirlərin, Bakı-Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan işlərin son durumu, Muğanlı-Yevlax avtomobil yolu istiqamətindəki vəziyyət, o cümlədən Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin icrası ilə bağlı ciddi xəbərdarlıq edib və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.