2013-cü ildə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 238 666 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 584 387 sayda mesaj göndərilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin 174 090-ı canlı rejimdə müfəttiş-operatorlar, 64 576-sı səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb.
Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında elektron xidmətlər (26,6%), vergi növləri (12,2%), qeydiyyat (11,2%) hesabatlar və onların doldurulma qaydaları barədə suallar (7,9%), səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (44,7%) və dövlət büdcəsinə olan vergi borcları (29,4%) barədə müraciətlər üstünlük təşkil edib.
Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilə nisbətən 25,3% artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 1507 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.
Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 97,9%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 2,1%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 72,7%-i Bakı şəhərindən, 13,8%-i ölkənin müxtəlif bölgələrindən, qalanı isə mobil operatorlardan daxil olub.
2013-cü ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) daxil olmaların ümumi sayı 3 456 151 olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur. İnternet səhifəsinin "Sual-cavab" bölməsinə 2 236 sual daxil olub və onların 96,6 faizi qısa müddət (1-5 gün) ərzində cavablandırılıb.