Hüquq müdafiəçisi və kompyuter təhlükəsizliyi üzrə mütəxəssis Ceykob Epplbaum “Fox NEWS” telekanalına müsahibəsində ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) dünyada istənilən “iPhone” qurğusunun məlumatlarına çıxış imkanına malik olmasını bildirib.
O qeyd edib ki, qurğunun hətta internetə qoşulmaması belə xüsusi xidmət orqanlarının məlumatlara çıxış imkanından məhrum olmasına zəmanət vermir.
C. Epplbaum “iPhone” istifadəçisi haqqında məlumatlar toplamağa imkan verən “DROPOUTJEEP” xüsusi proqramı haqqında da söhbət açıb.
Proqram qurğunun mikrofonunu, foto və videokamerasını söndürməyə və yandırmağa, mobil məlumatları ələ keçirməyə, kontaktlar siyahısına daxil olmağa imkan verir. O, sözügedən proqram təminatının yalnız smartfonun əməliyyat sisteminə fiziki müdaxilənin həyata keçirilməsi ilə quraşdırılmasının mümkünlüyünü vurğulayaraq “Apple” şirkətinin MTA əməkdaşlarına belə çıxışa şərait yaratması barədə məlumatları dəqiqləşdirməkdən yayınıb.
Məlumat üçün qeyd edək ki, C. Epplbaum dünyanın müxtəlif hökumətlərinin fəaliyyəti haqqında məlumat toplayan kompyuter təhlükəsizliyi üzrə müstəqil mütəxəssisdir. O, ABŞ MTA-nın keçmiş əməkdaşı Edvard Snoudenin sənədlər arxivinə daxil olan azsaylı şəxslərdən biridir.