19 yanvar 2012-ci ildə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə təsdiq edilmiş «Yol-patrul xidməti haqqında Təlimat»dan çıxarışlar.
Yol polisi əməkdaşına qadağandır:
- Sənədləşdirmə və başqa hərəkətləri patrul avtomobilindəki kameranın görünüş dairəsindən kənarda aparmaq, (avtomobil saxlanılarkən patrul avtomobilində quraşdırılmış video kamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir.)
- Patrul avtomobillərini və başqa cihazlarını hər hansı bir maneənin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında gizlətmək,
- Metroloji yoxlamadan keçməmiş nəzarət ölçü cihazlarının tətbiq etmək,
- Xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı olmayan məsələlər üzrə radio-cihaz vasitəsilə danışıqlar aparmaq,
- Şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında təkbaşına xidmətə çıxmaq.
- Nəqliyyat vasitələrini səbəbsiz saxlamaq,
- Avtomobili yolun məhdud görüntülü hissələrində dəmiryol keçidləri zonasında, tunellərdə, hərəkət istiqamətində 3-dən az hərəkət zolağı olan körpülər və yol ötürücülərində dayandırmaq (arzuolunmaz nəticələrin baş verməsinin qarşısının alınması üçün təxirəsalınmaz dayandırma zərurəti istisnadır),
- Prezidentin, deputatların, Baş nazirin, ombudsmanın, hakimlərin şəxsi və xidməti avtomobillərini yoxlamaq,
- Cərimə məbləğini yolda nəğd qaydada sürücüdən almaq,
- Sürücünün təqdim etdiyi sənədlərin üzərində qeydlər aparmaq,
- Patrul avtomobilində kənar şəxs və yükləri daşımaq,
- Zəruri hallar istisna olmaqla, yol hərəkəti qaydalarını pozmaq,
- Patrul avtomobilində vətəndaşlarda ikrah hissi yaradan hərəkətlərə yol vermək,
- Sürücüləri başqa avtomobillərə mane olan hərəkətlərə (qəflətən əyləcin basılması, manevr etmək zərurəti) məcbur edə biləcək siqnallar vermək,
Yol Polisinin sürücülərlə davranışında vacib qaydalar
- Yolda məcburi dayanmış hərəkətə maneə yaradan avtomobillərin sürücülərinə kömək etməli, lazım gəldikdə digər hərəkət iştirakçılarını da yardıma cəlb etməli,
- Avtomobili dayandırmaq tələbini sürücünün aydın görə və ya eşidə biləcəyi şəkildə etmək, xüsusi səs siqnallarından və səsgücləndiricidən istifadə zamanı əhalinin rahatlığına mane olmamalı,
- Yol hərəkəti iştirakçılarına müraciət edərkən sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməli,
- Vətəndaşlarla söhbətdə təmkin nümayiş etdirməli, mübahisələrə girməməli,
soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməli,
- Avtomobili saxladıqda yubanmadan sürücüyə yaxınlaşmalı, saxlama səbəbini izah etməli,
- Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qanunsuz olmasını öyüd-nəsihətsiz, xeyirxahlıqla, aydın, qanunun tələblərinə istinadla izah etməli,
- Yanında uşaqlar olan şəxslərə iradları uşaqların eşitməyəcəyi şəkildə çatdırmalı, uşaqlara iradlar olarsa isə bunu onların yaşları və inkişaf səviyyələrini nəzərə almaqla çatdırmalı,
- Yoxladığı sənədlərin arasına pul və qiymətli kağızlar qoyulubsa, sənəd sahibinə onları özünün götürməsini təklif etməli.
Yol polisi əməkdaşınının hüquqları
Avtomobilləri dayandırmaq:
- Yol hərəkəti qaydalarının pozulduğu aşkar edildikdə,
- Sürücü, ya da onunla birlikdə olan sərnişinin cinayətin törədilməsində şübhəli olmaları barədə dəqiq məlumat olduqda,
- Analoji nəqliyyat vasitəsi (rənginə, markasına və xüsusi əlamətlərinə görə) axtarışda olduqda,
- Sürücü və ya avtomobilin digər yol hərəkəti iştirakçıları və ya polis əməkdaşlarına yardım göstərməsi zəruri olduqda,
- Avtomobilin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda,
- Avtomobilin ön şüşəsində texniki baxış talonu olmadıqda,
- Xüsusi tədbirlər keçirildikdə (yaxalama, reyd və digər),
Sürücüdən sənədlər tələb etmək:
- sürücülük vəsiqəsini,
- avtomobilin sahibi orada olmadıqda, müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməni,
- avtomobilin qeydiyyat şəhadətnaməsini,
- daşınan yükə dair sənədləri,
- mülki məsuliyyətin icbari sığortası haqqında şəhadətnaməni,
Sürücünü növbətçi hissəyə aparmaq:
- qanuni tələblərə qəsdən tabe olmadıqda,
- inzibati xəta haqqında protokolu yerində tərtib etmək mümkün olmadıqda,
- sürücünün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadıqda,
- daşınan yükün sənədləri olmadıqda,
Aşağıdakı hallarda sürücüyə çıxmağı təklif etmək:
- avtomobilin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün,
- sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsasın olduğu halda,
- avtomobilin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün,
- avtomobilə və yükə baxış keçirilməsi üçün,
- sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda,
- İnzibati xətanın törədilməsində istifadə edilmiş predmetin aşkarlanması məqsədilə avtomobilə və sürücünün üzərində olan əşyalara baxış keçirmək,
Sürücünü avtomobili idarə etməkdən kənarlaşdırmaq:
- Sürücü, ya da onunla birlikdə gedənlərdən hər hansında sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, habelə həmin avtomobili idarə etmək hüququ verən digər əsas olmadıqda,
- Avtomobilin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda (saxta və ya qeyri-standart olduqda) və ya avtomobili bir başqa avtomobilə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə,
- sürücü sərxoşdursa və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi yoxdursa,
- avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, ban şüşələrinə qanunla icazə verilməyən örtüklər çəkildikdə, avtomobil müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda.
Sürücünün hüquqları
- Saxlanmanın səbəbini yol polisindən soruşmaq,
- Avtomobilin saxlanması saxlanılması səbəbini 3 saat ərzində aradan qaldırmaq üçün onun duracağa göndərilməməsini, yol polisinin yanında qalmasını tələb etmək,
- Cərimə məbləğini yolda plastik kartla yol polisinə, ya da sonradan bank vasitəsilə ödəmək,
- Qayda pozuntusu barədə yol polisinin qərarı ilə razılaşmadıqda onun tərtib etdiyi protokolu imzalamamq, protokolda öz qeydlərini yazmaq,
- Özünün və avtomobilin sənədlərində hər hansı çatışmazlıq aşkar edilmədikdə və qayda pozuntusu olmadıqda hərəkətini davam etdirməyini tələb etmək,
- Yol polisi ona qayda pozuntusu barədə irad tutur, protokol yazırsa, öz hüquqlarını necə qorumalı olması barədə məlumat tələb etmək,
- Münaqişəli vəziyyətlər, iddiaların yarandığı halda və ya başqa istədiyi hallarda yol polisindən onun nişanının nömrəsini, xidməti vəsiqəsini göstərməsini tələb etmək (Yol polisi öz vəsiqəsini sürücüyə verə bilməz),
- Özü haqqında protokolda razılaşmadığı məqamlar barədə qeydlər aparmaq və protokolun surətini tələb etmək,
- Qayda pozuntusunun baş verdiyi iddia edilən ərazi videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini tələb etmək,
- Qayda pozuntusu xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi deyilirsə, həmin cihazların göstəricilərini tələb etmək,
- Avtomobilin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə avtomobil yükləndikdən sonra həmin yerə yaxınlaşıb avtomobilini qadağan olunmuş yerdən kənarlaşdıra bilirsə, onun duracağa göndərilməməsini tələb etmək,
- Yol polisinin hərəkətlərindən məhkəməyə şikayət etmək, bu hərəkət zamanı ona dəyən maddi ziyanı tələb etmək.
Sürətölçənlərə tələblər
- Yollarda gizli sürətölçən cihazlar (radarlar) qoyula bilməz. Radarların mövcud olduğu yaşayış məntəqələrindən kənarda 150-1000 metr, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda xüsusi informasiya lövhələri ilə bildirilir.
- Yol polisi tərəfindən cihazla məsafədən sürət ölçüldüyü halda cihazın göstərdiyi rəqəmlər sürücüyə göstərilməlidir.
- Yol polisi metroloji yoxlamadan keçməmiş nəzarət ölçü cihazlarında istifadə edə bilməz.
Bu xəbər cəmi 2455 dəfə oxunuldu