Bu gün Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Biləsuvar rayonunda "Biləsuvar-Aqro" MMC-də regionlarda istehsalçı ilə emalçı arasında kooperasiya əlaqələrinin yaradılmasının təşviq edilməsi, fermerlərin dövlətin güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməsi ilə ailə təsərrüfatlarının yaradılmasının stimullaşdırılması məqsədilə tədbir keçirilib. Tədbirdə 80-dən çox fermer iştirak edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihəsinin təqdimatı keçirilib. Bu fermer təsərrüfatının Sahibkarlığa Kömək Milli Fondunun koordinasiyası və güzəştli kreditlərindən istifadə edilməsi ilə müvəkkil kredit təşkilatı, süd emalı zavodu və sahibkarın birgə kooperasiya əlaqəsi qurması nəticəsində yaradılması nəzərdə tutulur.
Belə fermer təsərrüfatlarının yaradılması ilə ölkədə ət və süd istehsalının həcminin artmasına və keyfiyyətinin yaxşılaşmasına, istehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətlərinin yaranmasına, fermerlərin dövlətin dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməsinə, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, emal müəssisələrinin potensial gücü ilə işləməsinə, istehsal prosesində fasiləsizliyin təmin edilməsinə, ailə təsərrüfatlarının inkişafına, daxili bazarın yerli məhsullarla təmin olunmasına, kiçik sahibkarlığın maddi-texniki bazasının yaxşılaşmasına nail olunacaq.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2013-cü ildə 4468 sahibkarlıq subyektinə 275 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan verib. Bildirilib ki, son illər Fondun vəsaitləri hesabına 16 müasir heyvandarlıq kompleksi maliyyələşdirilib. Artıq 13 450 başlıq 11 heyvandarlıq kompleksi fəaliyyətə başlayıb. Bu komplekslər ildə 69 min ton süd, 1,7 min ton ət istehsal etmək gücünə malikdirlər.
Regionlarda istehsalçı ilə emalçı arasında kooperasiya əlaqələrinin yaradılmasının təşviq edilməsi istiqamətində tədbirlər 2014-cü il ərzində digər regionlarda da davam etdiriləcək.