Ölkədə ərzaq bolluğunun yaradılması barədə Dövlət Proqramından irəli gələn məsələlərin həlli məqsədi ilə İsraildən gələn bir qrup iş adamı bu gün Şəkidə rayon rəhbərliyi və müvafiq təşkilatların nümayəndələri ilə görüşərək gələcək birgə layihənin müzakirəsini keçirib.
Bildirilib ki, Şəkidə sənaye quşçuluq sahəsinin inkişaf etdirilməsi üçün çox böyük ehtiyat mənbələri var.
Şəki, eləcə də bölgə əhalisinin quş əti və yumurtaya olan tələbatını ödəmək üçün sənaye quşçuluğunun inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılmasına rəvac verəcək.
Müzakirələr zamanı qeyd edilib ki, ölkədə ilk dəfə yaradılması nəzərdə tutulan bu layihə nəticəsində illik gücü 5 min tondan artıq olan hind toyuğu əti istehsal olunacaq.
Sənaye kompleksinin yaradılması xüsusən bölgədə fəaliyyət göstərən fermerlərə imkan yaradacaq ki, onlar istehsal etdikləri dənli bitkiləri, taxıl, arpa və qarğıdalını bu müəssisəyə satmaqla öz maddi imkanlarını genişləndirsinlər.
İsrailli mütəxəssislər belə hesab edir ki, zəngin turizm potensialına malik bölgədə hind toyuqlarından hazırlanan yeməklərə yetərincə tələbat olacaq.