ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, bu nəqliyyat ötürücüsünə üç tunel və bir yol ötürücüsü daxildir.
“Tunellərdən ikisi əməli olaraq hazırdır, onların üzlənməsi işləri gedir. Üçüncüdə qazıntı işləri aparılır, eyni zamanda onun hazır hissələrinin üzlənməsi prosesi gedir. Körpünün üzərinə işıq dirəkləri, sürahilər, hərəkət zolaqları arasında ayırıcı beton maneələr quraşdırılıb, dirəklər rənglənir, asfalt çəkilir. 2014-cü ilin birinci rübündə qovşaq istismara veriləcək”, - deyə P.Mürsəliyev bildirib.
Qeyd edək ki, iki gediş, iki gəlişdən ibarət olacaq birinci tunelin uzunluğu 890, eni isə 22 metr təşkil edəcək. Tunel vasitəsi ilə “3-cü mikrorayon bazarı“ adlanan ərazidən “Xutor dairəsi“nə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti təmin ediləcək. İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğu 450, eni isə 10,5 metr nəzərdə tutulub. Bu tunel vasitəsilə nəqliyyat vasitələri Ziya Bünyadov prospektindən “Xutor dairəsi“nə daxil olmadan Abdulvahab Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcəklər. Yol qovşağı kompleksinə daxil olan 10 aşırımlı yol ötürücüsünün uzunluğu 634, eni isə 12 metr təşkil edəcək.