Yanvarın 7-də Bakıda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub. AzərTAc-ın məlumatına görə, açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə prezidentə və xanımına məlumat verib.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb.
Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı səhiyyə işçiləri ilə görüşüb.