Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, stansiyaya daxil olan müraciətlərin sayı dekabrın 30-dan etibarən kəskin artmağa başlayıb, yalnız dünəndən etibarən nisbətən azalıb.
“Bayram günlərinə kimi müraciətlərin sayı 1700-1800 olduğu halda, son 8 gün ərzində stansiyaya 2200-2500 arası müraciətlər daxil olub. Belə ki, stansiyaya dekabrın 30-da 2000, dekabrın 31-də 2500, yanvarın 1-də 2400, yanvarın 2-də 2420, yanvarın 3-də, 4-də, 5-də 2300, dünən isə 2210 müraciət daxil olub”.
Z.Vahidova qeyd edib ki, dekabrın 30-dan bu günədək daxil olan müraciətlər əsasında 1254 nəfər xəstəxanaya yerləşdirilib.
“İstirahət günlərində dəm qazından boğulma ilə bağlı isə 100 müraciət daxil olub. Bunlardan 67-si xəstəxanaya yerləşdirilib, 30 nəfərə isə evdə tibbi yardım göstərilib, 3 nəfər isə dünyasını dəyişib.
Ölüm hadisələri yanvarın 1-də, 3-də və 6-da qeydə alınıb. Yanvarın 1-də dəm qazından zəhərlənmə nəticəsində Sabunçu rayonunda 50 yaşlı kişi, yanvarın 3-də Xətai rayonunda 23 yaşlı oğlan, yanvarın 6-da isə Qaradağ rayonunun Lökbatan qəsəbəsində 27 yaşlı qadın dünyasını dəyişib”.
Z.Vahidova qeyd edib ki, son 8 gün ərzində paytaxtda 50 yol-nəqliyyat hadisəsi baş verib. Onun sözlərinə görə, hadisələr nəticəsində 12 nəfəri maşın vurub. Avtoqəza, toqquşma nəticəsində 6 nəfər dünyasını dəyişib, yaralılar isə xəstəxanaya yerləşdirilib.
Həkim qeyd edib ki, bayram və istirahət günlərində müraciətlər əsasən, yaşlı insanlarda arterial təzyiqin yüksəlməsi, uşaqlarda və böyüklərdə kəskin respirator xəstəliklər və digər ənənəvi xəstəliklərlə bağlı olub.