-Dayı qəpiyi qaytarmırsız, sizi gözləyirəm? - Qəpiyim yoxdur e, sizdə varsa verin. -Yox hardan olsun, olsa verərdim də. -Məndə də yoxdur. Düşə bilərsiz.
Taksi istifadəçiləri tez-tez sürücülərin manat, qəpik oyunu ilə qarşılaşır. Sürücü qəpiyim yoxdur, bəhanəsi ilə qalığı qaytarmır. Ya da sərnişinin tələsməsindən istifadə edərək, 2-3 manat ixtisar edir.
“Qafqazinfo” xəbər verir ki, Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu dəfə sürücülərin qəpik oyunu və buna görə onları gözləyən cərimələri araşdıracağıq.
Əvvəlcə başlayaq taksidən qəpik, manatları kəsilən, bunun üçün mübahisə edən, bəzən utanıb istəməyən sərnişinlərdən.Qəpik problemi daha çox London taksilərində, manat isə digərlərində problemə çevrilib.
Bir neçə ildir ölkəyə gətirilən London taksiləri elə təriflə təqdim olundu ki, adamlar seçimlərini daha çox bu taksilərdən yana etdilər. Səbəbi isə məsafəyə görə ödəniş, taksinin daha təmiz olması və aldadılmamaq düşüncəsidir. O biri taksilərdə taksometr olmadığına görə, ödəniləcək məbləği sürücü müəyyən edir.Taksidən gec-gec istifadə edənlərin bu məqamda aldanmaq ehtimalı var. Amma London taksilərindəki taksometr bu problemi aradan qaldırır, əlbəttə sürücü sizi aldadıb, yolu uzatmırsa.Lakin sürücülər təkcə yolu uzadaraq sərnişini aldatmır, həm də qəpik-quruşa da göz dikir.
Adətən taksiyə işə tələsəndə mindiyini deyən Aygün xanım, daha çox London taksilərinin istifadəçisidir.
Aygün Piriyeva danışır: “Evimizin yanında taksiyə mindim. Evlə iş arası məsafə az olduğundan 3 manat tutdu. Üstümdə nağd pul olmadığına görə, kartla ödəniş etmək istədim”.
-Sizdə kartla ödəniş mümkündür?
-Əlbəttə, kartı verin.
Kartı verdim, deyəsən, dayının çox da başı çıxmırdı. Bir az baxdıqdan sonra kartdan məbləği çıxıb çeki də verdi. Çekdə 11 manat yazılmışdı. Sürücüyə 3 manat əvəzinə 11 manat çıxdığını dedim. Amma o inkar etdi, kağızda yazılan rəqəmin səhv olduğunu, o qədər çıxmadığını dedi. İşətələsdiyimdən çox da üstünə düşmədim banka gedəndə həqiqətən 11 manat çıxdığını öyrəndim.
İkinci dəfə London taksisinə minən Aygün xanım bu dəfə işini əvvəldən etibarlı tutsa da, yenə də sürücü ondan pul qopartmağı bacarıb.
Yenə də işə tələsirdim və yenə London taksisinə minmişdim. Bu dəfə gediş haqqı 4 manat 50 qəpik tutdu. Amma bu dəfə kartla yox nağd ödəniş etdim, dayı bu dəfə də 50 qəpiyi qaytarmadı.
-Dayı 50 qəpiyim qalıb axı, deyəsən yadınızdan çıxdı?
-Yox ay qızım yadımdan çıxmayıb e, bizə qəpik qaytarmırıq.
- Niyə qaytarmırsız, mənim başqa pulum, axşam gələndə avtobusa verməyə qəpiyimyoxdu?
-Yaxşı-yaxşı ay qız, yalan danışma. Qəpiyim yoxdusa taksiyə niyə minirsən? Deyirəm qəpik yoxdu da qaytarmırıq.
Dayı elə qışqırdı ki, dediyimə də peşman oldum. Elə bil dilənçilik edib, pul istəyirdim.
“Pulu elə verdi ki, elə bil dilənirəm”
“London taksiləri bezdirib bizi”-deyən Elvin Zeynalov taksidə qəpik davasından danışır:“Bir dəfə London taksisinə minmişdim. 5 manat 65 qəpik tutdu. Qəpiyim olmadığına görə 6 manat verdim, amma dayı qəpiyi qaytarmadı. Dedim yəqin yadından çıxıb, ya da yoxudur. Heç nə demədən taksidən düşdüm. İkinci dəfə isə yenə eyni hal oldu. Bu dəfə isə nəticə fərqli oldu”.
-Dayı nə qədər tutdu. 7 manat 70 qəpik.
-Buyurun 8 manat.
Sürücü bu dəfə də qəpiyini qaytarmaq istəməyib.
“Bu dəfə isə üzümə salıb, istədim. Sürücü bir az narazılıq elədi, amma pulumu almamış taksidən düşmədim. Amma pulu elə verdi ki, elə bil dilənirəm. Bundan sonra isə taksiyə minəndə birinci qəpiyimin olub-olmadığına baxıram.
“Vaxtı uzatmağa çalışırdım”
Nuran Məmmədov da sürücülərin “qəpiyim yoxdur” oyununa gələnlərdəndir.
“Taksi ilə Şıxovdan İçərişəhərə gəlirdim, taksometr 5 manat 50 qəpik göstərdi. Mən də 6 manat verdim. Amma sürücü qəpiyimi qaytarmaq istəmədi. Mən də əlimdəki çantadan nəsə götürürmüş kimi, taksidən düşmədim, bir az gözlədim. Vaxtı uzatmağa çalışırdım.Amma sürücü pulu qaytarmaq istəmirdi. Sürücünün üzünə baxdım ki, pulu qaytarsın.
-Qəpiyim yoxdur e, sizdə varsa verin.
-Yox hardan olsun, olsa verərdim də.
-Məndə də yoxdur. Düşə bilərsiz.
London taksilərinin “oyun”larından bu qədər .Amma düşünməyin ki, təkcə London taksilərinin sürücüləri sərnişinləri aldadır. Taksometr işlətməyən sürücülər isə fərqli bir oyun qurub.
London taksiləri qəpik-qəpik soyursa, digərləri manat-manat aparır. Onlar isə bu üsulu daha çox sərnişin tələsəndə, bir az da diqqətsiz, yaxşı geyinmiş biri olanda edirlər. Xüsusən də, Hava limanından sərnişin gətirən taksilər manat kəsməkdə profesionallaşıblar. Yəqin düşünürlər ki, “adam xaricdən gəlirsə, cibini doldurub gəlib”.
Həmin pula Bakıdan rayona gedə bilərdi
Azər Hüseynov xaricdən gələn qohumunun taksidə başına gələnlərdən danışır: “Qohumum Rusiyadan gəlirdi. Azərbaycanlıların bu ölkədə sıxışdırıldığı günlərdə, o da olan qalanını satıb vətənə qayıtmışdı. Gətirdiyi 3-5 manat pulla da burada alver etməyi planlaşdırırdı. Gecə vaxtı rayona qayıtmasın deyə bizdə qalacaqdı. Aeroportda taksilərin biri ilə danışıb, 10 manata aparacağını deyib. Onunda üzərində ancaq dollar olub. 50 dollar verib, amma 18 manat qaytarıb. Normalda isə 28 manat qaytarmalı idi. Qohumun isə ancaq evə gələndə pulun az olduğunu anlayıb. Baxmayaraq ki, taksiyə verdiyi pulla o Bakıdan birbaşa rayona gedə bilərdi”.
Taksidə pulu kəsilənlərdən biri də Aytən Hüseynovadır.
İşə gedirdim, gecikdiyimə görə, taksiyə mindim. 10manat pulum var idi. Taksi dedi gedəcəyim yerə 5 manata apara bilər. Qalan 5 manat isə işdə yemək və evə qayıtmaq üçün bölüşdürdüm.
Gedəcəyim yerə çatanda pulu çıxarıb sürücüyə verdim. Qalığı alıb, taksidən düşdüm. Bir az keçmişdi əlimdəki pulu saydım, dayı 2 manat az qaytarmışdı. Artıq taksi çoxdan getmişdi, nömrəsini də bilmirdim ki, zəng edim. Fikirləşdim ki, görəsən dayı 2 manat az qaytaranda mənim ona ehtiyacım olacağını düşündümü?”.
Sərnişinlərin necə aldadıldığını öyrəndik. Amma maraqlı məqam şikayətçilərin sayı çox olsa da, onlar konkret olaraq kimə, hara müraciət edəcəklərini bilmirlər. Əksəriyyət isə bunun təsirsiz olacağını deyir.
Bəs sürücünün kobudluğu, qanunları pozması ilə rastlaşan şərnişin hara müraciət etməlidir?
“Bakı Taksi” MMC-nin direktoru İlqar Qasımov taksi sürücülərinin fəaliyyətindəki problemlər barədə vaxtaşırı onlara müraciət edildiyini dedi:“Bunların sayı elə də çox deyil, hər həftə bir-iki bu cür şikayət daxil olur. Şikayətlərin əsas hissəsi gedilən məsafənin uzadılması barədə, sürücülərin kobud rəftarı, eyni zamanda pulun qalığının qaytarılmaması ilə bağlı olur. Düzdür, çox zaman bu şikayətləri sübut etmək də asan olmur. Amma sübut olunduğu təqdirdə, sürücülər cəzalandırılır. Bəzən 20, 30 qəpik qaytarmaq istəməyən sürücülər olub ki, onlara qarşı da müvafiq tədbirlər görülüb”.
Qanunları pozduqların görə sürücülərə verilən cəzalara gəldikdə isə, İ.Qasımoviki dəfə xəbərdarlı edildiyini dedi:“İki dəfə xidmət müqaviləsində müəyyən edilmiş cərimə sanksiyaları tətbiq edilir. Sonra belə hallar yaşanarsa, həmin sürücü ilə işi dayandırırıq. Cərimənin miqdarı isə qayda pozuntularına uyğun dəyişir. Bu cərimələrlə bağlı məlumatlar bütün sürücülərin müqavilələrində var. Cərimələrin miqdarı ən azı 10 manatdan başlanır.
Sürücülər bəzən 5 manat əlavə pul alsınlar deyə 40-50 manatlıq cəriməni nəzərə alırlar. Amma həm yol polisi, həm də bizim şirkət tərəfindən cərimələr tətbiq edilir. *9000 nömrəsinə sifarişlə yanaşı, , həmçinin şikayətləri də deyə bilərlər”.
Yol hərəkəti təhlükəsizliyi üzrə hüquqşünas, ekspert Ərşad Hüseynovun sözlərinə görə, həmin problemi taksi şirkəti həll etməlidir. “Şirkətlər bunu həll etməsə, o zaman problemlə qarşılaşan şəxslər Nəqliyyat Nazirliyinə müraciət edilməlidir. Çünki Nəqliyyat Nazirliyi lisenziya verdiyi taksilərin fəaliyyətinə nəzarət edir”.
Bundan sonra kobud, sərnişinin qəpik-quruşuna göz dikən sürücülər barədə hara şikayət etməli olduğumuzu öyrəndik.
Əlbəttə, bütün sürücülər belə deyil, bəzən gediş haqqını almayanlarla da qarşılaşa bilərik.
Aygül Əsgərovanın taksi macərası: “Bir gün taksiyə mindim, Elmlərdə Bibiheybətə məni 6 manata aparacaqdı. Amma sürücüdə bir qəribəlik hiss etdim, ancaq qəmli mahnılar dinləyirdi. Buradan da söhbətə başlayıb öyrəndim ki, kişi Almaniyadan bir erməni ilə dalaşdığına görə deportasiya edilib. Azərbaycanda isə işləri yaxşı deyil, ailədə, taksi sahibi ilə problemləri var. Mən də onun sonuncu müştərisi olacaqmışam. Məndən alacağı pulla araq alıb, maşını dənizə sürüb öldürəcəkmiş özünü. Söhbət edib, onu bu fikrindən daşındırdım. Düşəndə isə o məndən pulu almadı ki, sən qarşıma çıxmasaydın, özümü öldürəcəkdim, həyatımı xilas etmiş kimi oldun”.