Yeni il bayramı ilə əlaqədar satışda istənilən qədər hədiyyə var. Bu hədiyyələr içərisində uşaqları sevindirəcək bağlamalar isə istənilən qədərdir. Bağlamada isə kefin istəyən qədər şokalad, peçeniye kimi məhsullar var ki, bunların da çox vaxt mənbəyi sual altında qalır. Əslində uşaqlarımıza bayramda da yeməli məhsullar verməklə onlarda pis vərdiş yaradırıq. Çünki bağlamanı açan uşaq hardasa hər gün valideyninə aldırdığı məhsulla qarşılaşır. Buradan da necə deyərlər, biz uşaqlarımıza kiçik yaşdan “yemək üçün yaşamaq” məqsədini aşılayırıq. Bu bir qədər mübahisəli məsələdir. Amma hədiyyə bağlamalarındakı məhsulların keyfiyyəti isə daha çox narahatçılıq yaratmalıdır.
“Qafqazinfo” olaraq dövri problemin kiçik araşdırmasını aparmışam.
Dövlət qurumlarının gözü hardadır?
Ən əvvəl qeyd edim ki, hələ dekabrın əvvəlindən ölkəyə kifayət qədər ərzaq məhsulları gətirilir. Necə deyərlər, bu məhsulların çoxuna “başqalarının tullantıları” da(çoxu) da demək olar. Kiçik müşahidə dediyimin açı fakt olduğunu asanlıqla sübut edə bilər. Məsələylə bağlı dövlət qurumları isə yenə də “mübarizə” kəlməsini dəfələrlə vurğulayır. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Komitəsi məsələylə bağlı monitorinqlər keçirir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi qrupu reydlər aparır. Bütün bunlara baxmayaraq, açıq satışda mənşəyi, istehsalçının adı belə məlum olmayan hədiyyə bağlamaları çoxluq təşkil edir.
Məsələylə bağlı şəhərin 8-ci kilometrində yerləşən məşhur “Vosmoy bazarı”nı gəzirəm. Həm mağazalarda, həm də küçə ticarətində təklif olunan bağlamaların qiyməti bir manat əlli qəpik və on manat arasında dəyişir. Əslində bahalı deyilən hədiyyə bağlamasının içindəki “keyfiyyətli” şirniyyatlar ucuz olanından bir elə də fərqlənmir. Sadəcə bəzəkli karton qutu qablaşdırma, içindəki oyuncaqlar(Çin istehsalı olan) satış qiymətini yuxarı edir.
Satıcı Ramizin sözlərinə görə, mağaza anbarları dekabrın əvvəlindən dolub-daşır. “Gətirilən hədiyyə bağlamalarının çoxu ev şəraətində qablaşdırılır. Bu elə də çətin deyil. Hazır torbalar topdan satışda var, içinə doldurulan məhsulun vəziyyətinin necə olması isə qablaşdıranın insafına qalır. Yoxlama gələndə biz həmin hədiyyə bağlamasının istehsalçısının yerini də deyə bilmirik.”
Küçə ticarəti ilə məşğul olan Samir adlı satıcı isə “yoxlama gələndə, problem deyil, yola salırıq”, deyir. Bu onu göstərir ki, bəzi bivec qurumlar öz işlərini şəffaf şəkildə yerinə yetirmədiyindən, olan yenə bizə olur.
Bir də son iki ildə çoxbilmiş valideynlər hədiyyə qutu və torbalarını alıb, içərisini də özləri doldururlar. Belə baxanda, ən doğru olanı elə budur.
Zəhərlənməyə heç kim təminat vermir
Hər il olduğu kimi təklif olunan bağlamalardakı məhsulların çoxu vaxtı keçmiş, keyfiyyətsiz, hətta uşaq orqanizmi üçün kifayət qədər təhlükəli ola bilər. Bağlamanın üzərində istehsal tarixi belə yoxdur. Çox valideyn uşağın səsini kəsmək üçün bu hədiyyə bağlamasının ağına-bozuna baxmır. Uşaq həkimi Leyla xanım valideynləri ehtiyyatlı və oyaq olmağa çağırır. Pediatrın fikrincə, bayram günləri bir çox işbazlar üçün pul qazanmaq zamanııdır. “Belə insanlar öz ölkəsinin uşaqlarını fikirləşmədən pul üçün hər yola əl atır. Təcrübəmə dayanaraq söyləyirəm ki, demək olar hər bayramdan sonra mədə-bağırsaq pozğunluğu diaqnozu ilə çoxlu xəstələrim olur. Bəzən uşağın yediyi keyfiyyətsiz qida məhsulu aylarla müalicə tələb edir. Yaxud zəhərlənmə nəticəsində uşağın həyatı təhlükəyə girir. Odur ki, bu işdə valideyn diqqətli olmalıdır. Əvvəlcə istehlakçı kimi məhsulun üzərində yararlılıq tarixini yoxlamalı, lap uşağına verdiyi hər nə isə dadına birinci özü baxmalıdır.”
Bayram tədbirində verilən hədiyyələr heç də keyfiyyətli deyil
Yeni illə əlaqədar ənənəvi bayram şənlikləri keçirilir. Aktiv valideynlər belə tədbirlərdən qalmırlar. Uşaqlar isə orada verilən hədiyyə bağlamalarını almağa tələsirlər. Fikir versəz, həmin bağlamalarda olan şokalad, peçenye tərkibli qidalar adları və istehsalçıları kütləvi satışda olmayan, tanınmayan məhsullardır. Türkiyə və İranın fabriklərində istehal olunan keyfiyyətsiz məhsulların çoxunun yararlılıq tarixi ya yoxdur, ya da silinib. Rusiya və Ukraynadan gətirilən hədiyyə bağlamaları daha təhlükəsiz hesab olunur.
Bir sözlə, gözüaçıqlığı, cəldliyi əldən verməyin ki, övladınız xəstəxanalıq olmasın!