Zərrabın milyarder şəriki həbs olundu; «Gülən camatı»ndan Ərdoğana sərt cavab gəldi
Türkiyədə 17 dekabrda başladılan «böyük rüşvət əməliyyatı» İrana da sıçradı. Əməliyyatda adı əsas fiqur kimi keçən Azərbaycan əsilli iş adamı Rza Zərrabın iranlı şəriki Babək Zəncani həbs olundu. «Hürriyet»ə məlumat verən İran mənbələri bildiriblər ki, Zəncani İran prezidenti Həsən Ruhaninin təlimatı əsasında həbs edilib. Belə ki, prezident İrana qarşı beynəlxalq sanksiyaları yararaq haqsız qazanc əldə edənlərin müəyyən edilərək cəzalandırılması barədə göstəriş verib.
12 iranlı deputat araşdırma tələb etdi
İran məhkəməsinin sözçüsü Gülam Hüseyn Muhsini də Zəncaninin son günlər barəsində səsləndirilən korrupsiya iddialarına görə həbs edildiyini bildirib. Onun sözlərinə görə, hazırda iş adamının mal varlığı, neft satışından əldə etdiyi gəlir və inşa etdirdiyi «İran Zəmin» adlı böyük ticarət mərkəzinin sənədləri araşdırılır. Zəncaninin Tehran recimindən İran neftini «qara bazarda» satmaq adı ilə aldığı, lakin əldə edilən qazancı Neft Nazirliyinə təqdim etmədiyi müəyyən edilib. Onun dövlətə 2 milyard həcmində borcununun olduğu bildirilir. Zəncani isə bir müddət əvvəl bu ittihamları rədd edərək borcu ödədiyini, fəaliyyətində heç bir qanunsuzluğa yol vermədiyini bildirmişdi.
İranın «Fars» agentliyinin məlumatına görə, ötən həftə 12 iranlı deputat da Zəncaninin adının qarışdığı korrupsiya ittihamlarının araşdırılması üçün bir neçə nazirliyə müraciət edib. Bütün bunlardan sonra İran hökuməti iş adamı ilə bağlı tədbir görməyə qərar verib.
Prokuror üsyan etdi: «Şübhəlilər himayə, mənsə ittiham olunuram»
«Böyük rüşvət əməliyyatı» ilə bağlı «ikinci həbs dalğası»nı başladıb baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da daxil olmaqla, bir sıra tanınmış şəxslərin həbsinə qərar verdiyinə görə işin araşdırılmasından uzaqlaşdırılan İstanbul Cümhuriyyət prokuroru Müəmmər Akkaşdan növbəti açıqlama gəlib. Oğlu ilə bağlı qərarına və istintaq məlumatlarını mətbuata ötürdüyünə görə birbaşa baş nazirin hədəfəinə tuş gəlməsinə baxmayaraq, Akkaş dünən növbəti dəfə media qarşısına çıxıb. Son olaylardan sonra linç kampaniyasına məruz qaldığını deyən prokuror bildirib ki, ortada tutarlı dəlillər olsa da, iş üzrə bəzi şübhəlilər hələ də saxlanılmayıb, onların ölkədən çıxmasını önləmək üçün heç bir tədbir görülməyib və bəzi sübutlar gözardı edilib.
«Xalqımın vicdanına həvalə edirəm»
Prokuror bildirib ki, iddia edildiyi kimi, istintaqın gizliliyini pozacaq heç bir addım atmayıb. Avropa Məhkəməsinin bir çox qərarında da əksini tapdığı kimi, heç bir qurumu və şəxsi hədəfə almadan ictimai əhəmiyyətli məlumatları mətbuata çatdırıb: «Linç kampaniyası səviyyəsinə çatan ittihamların heç birini qəbul etmirəm. Buna qarşı hüquqi müstəvidə mübarizə aparmaq hüququmun olduğunu bəyan edirəm. Hamı yaxşı bilir ki, hər zaman işimi şərəf və namusla yerinə yetirmişəm. Bu günə qədər araşdırdığım heç bir işlə bağlı səlahiyyəti olmayan şəxslərə bilgi və ya sənəd ötürməmişəm. Barəsində saxlanılma qərarı verilən bəzi şübhəli şəxslər himayə olunarkən şəxsimə yönəlik əsasısız ittihamların səsləndirilməsi diqqətçəkəndir. Hər şeyi xalqımın vicdanına həvalə edirəm».
«Baş verənlərin dərsanələrin ləğvi ilə heç bir əlaqəsi yoxdur»
Fətullah Gülənin lideri olduğu «Gülən camaatı»ndan ittihamlara növbəti cavab gəlib. Bu dəfə Gülənin nəzarətində olduğu bildirilən Qəzetçilər Dərnəyi açıqlama ilə çıxış edib. Açıqlamada ən diqqət çəkən məqamlardan biri də dərsanələrlə bağlı olub. Qeyd edək ki, Türkiyədə çoxları 17 dekabr əməliyyatını «Gülən camaatının» nəzarətində olan dərsanələrin qapadılmasına cavab kimi qiymətləndirir. Qəzetçilər Dərnəyi isə bu iddiaları təkzib edib: «Baş verənlərin dərsanələrin ləğvi ilə əlaqəsi yoxdur. Bu barədə yayılan iddialar həqiqəti əks etdirmir».
Qurum Ərdoğanın tez-tez dilə gətirdiyi dövlət içində paralel dövlət qurmaq ittihamlarına da cavab verib: «Paralel dövlət iddiaları korrupsiya ittihamlarını ört-basdır etməyə yönəlib. Fətullah Gülən bir vaxtlar da paralel dövlət qurmaq ittihamı ilə mühakimə olunaraq 8 illik cəzaya məhkum edilmiş, lakin sonradan bəraət almışdı. Ortaya buna bənzər «casusluq» kimi, heç bir sübutu olmayan ittihamlar da atılıb. Tənqid, tövsiyə, tələb səsləndirən ictimaiyyət nümayəndələrini iqtidar davası aparmaqda ittiham etmək, onlara mətbuat vasitəsilə «belədirsə, özünə partiya yarat», «siyasətə qarışma», «seçkiləri gözlə» kimi mesaclar göndərmək demokratik sistemin ruhuna ziddir».
Açıqlamada Ərdoğan iqtidarına «adı korrupsiyaya qarışan hökumət etibarını itirər», «hökumət istintaqa hörmət etməlidir», «hökumət 76 milyonun hökuməti kimi davranmalıdır», «korrupsiyada şübhəli bilinənlər məsum kimi təqdim olunur» kimi, mesaclar da ünvanlanıb.
Bu arada İstanbulda hökumət əleyhinə etirazlar davam etib. Bu dəfə etirazların ünvanı “Şükrü Saracoğlu” stadionu olub. Stadionda Ərdoğan hökumətinin istefası tələb olunub. “Fənərbaxça” futbol klubunun tərəfdarları 17 dekabr əməliyyatı ilə bağlı “Hər yer korrupsiya, hər yer rüşvət!”, “Hökumətə istefa!” şüarını səsləndiriblər.