Kərkicahanın işğalı Yuxarı Qarabağın mərkəzi sayılan Xankəndindən bütün azərbaycanlıları qovulmasından sonra reallaşdırıldı.
Tarixi sənədlərə görə, Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb.
Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xankəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.
SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib.
6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.
Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar.
1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdilər. Həmin vaxt şəhərdə azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar.
1988-89-cu ildə Xankəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Moskvanın himayəsilə güclənən erməni separatizm sonuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail oldular və bununla da şəhərin işğalı tam başa çatdırıldı.
Bundan sonra ermənilər Xankəndinin əsas qəsəbəsi olan Kərkicahanı hədəfə aldılar.
Qeyd edək ki, 1988-ci ildə burada aparılan qazıntılar zamanı III əsrdən qalma yazılı daşlar, qoç fiqurlu kiçik daşlar, küplər, xəzinələr, XII əsrə aid qəbirlər, 8 guşəli minarələr, kurqanlar, abidələr, müxtəlif heykəllər, “kilsəli” deyilən yerdə Alban kilsəsi, qəbirlər, Alban pir-ocaqları və s. vardı.
Kərkicahanın yaxın tarixindən xəbər verən binaların biri - İbrahim xanın böyük oğlu Məhəmmədhəsən xanın evlərindən biri burada idi və o ev 1940-1950-ci illərdə məktəb, sonralar muzey kimi fəaliyyət göstərirdi. Həmçinin Kərkicahan ərazisində siklopik tikililər də var ki, onlar da eramızdan əvvəlki dövrləri əhatə edir. Təəssüf ki, indi onların çoxunu ermənilər məhv ediblər.
Hələ 1960-cı illərdə ermənilərin təşəbbüsü ilə az qala “şəhər içində şəhər”ə çevrilən Kərkicahanın adı yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarılaraq Xankəndiyə birləşdirilmişdi. Məsələ təkcə bununla bitmədi - sovet dövründə Qarabağa yenidən erməni əhali yerləşdiriləndə onlardan 700 nəfəri Kərkicahanın “payı”na düşmüşdü...
Belə ağır şərtlərlə kərkicahanlılar növbəti Qarabağ savaşına başladılar. Bu döyüşlərdə 150-dən çox azərbaycanlı - 40 qadın və 110 kişi şəhid oldu. Onların arasında 1 yaşlı körpədən ahıllara qədər hər yaşda insan vardı.
Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranan Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunurdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının ağır hərbi texnikası qarşısında dayana bilməyib geri çəkilməyə məcbur oldular və nəticədə dekabrın 28-də Kərkicahan bütünlüklə erməni işğalçılarının əlinə keçdi.
Geri çəkilmələrinə baxmayaraq Azərbaycanın özünümüdafiə dəstələri bir müddət erməni hücumlarının qarşısını alaraq dinc əhalinin qəsəbədən çıxmasına kömək etdilər. Apara bilmədikləri məktəblər, bağçalar, klublar, su və qaz idarələri, stadionlar, parklar, hotellər, pansionatlar erməni tapdağında qaldı.
Kərkicahanın itirilməsindən sonra xalqımız Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğalı ilə sarsıldı.
Bu xəbər cəmi 1545 dəfə oxunuldu