Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramrında yanvarın 6-dək elan edilmiş istirahət günlərində Bakı Metropoliteni xüsusi iş rejimində çalışacaq.
Metropolitenin Hərəkət xidmətinin rəisi Hidayət Məmmədov bildirib ki, əsasən, sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə lazım olan bütün tədbirlər planı artıq hazırdır. Bu günlər üçün iş vaxtı və qatarların hərəkət cədvəli ilə bağlı məsələlər artıq həllini tapıb.
Stansiyalarda növbətçilik sistemi də müvafiq tələblərə uyğun olaraq gücləndiriləcək.
Xüsusən dekabrın 31-də metropolitendə sərnişin tələbatından asılı olaraq, metropolitenin iş rejimində dəyişiklik də edilə bilər.
H.Məmmədov onu da diqqətə çatdırıb ki, artıq ehtiyat qatarların ayrılması ilə bağlı qərar da verilib.
Ehtiyac olarsa, metropoliten gecə saat 24:00-da yekunlaşan iş vaxtını bir qədər də uzada bilər:
"Gücləndirilmiş iş rejiminə əsasən bütün tədbirlər görülüb. Əsas vəzifəmiz sərnişinlərə nümunəvi xidmət etməkdir. Belə günlərdə metropoliten əhalinin bayram ovqatına dəstək olmaq üçün, həmişəki kimi, vəziyyətə uyğun hərəkət edəcək.
Xüsusən dekabrın 31-də saat 24:00-dan sonra, yəni yanvarın 1-nə keçən gecə, tələbatdan asılı olaraq, iş vaxtı bir qədər uzadıla bilər. Sonrakı istirahət günlərində isə qatarların hərəkəti, ənənə üzrə, istirahət və bayram günlərinə uyğun təşkil ediləcək və işimizi sərnişin axını müəyyən edəcək. Həmin günlərdə də tələbat duyularsa, ehtiyat qatarların xəttə buraxılması mümkündür və buna hazır olacağıq".