Bunu İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev deyib.
O bildirib ki, iqtisadi və inzibati rayonlar üzrə kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşması məsələsi prezidentin “Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial–iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 4-cü ilin yekunlarına həsr olunmuş konfransda tapşırıqları ilə bağlıdır.
O qeyd edib ki, rayonların müxtəlif iqlim və torpaq şəraiti var və kənd təsərrüfatı məhsulları bu faktorları nəzərə almaqla ixtisaslaşmalı və regionların potensialından qənaətlə və dolğun istifadə olunmalıdır.
“Eyni zamanda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında bilavasitə ixtisaslaşmanın həm infrastruktur, həm də regional mərkəzlərin yaradılması baxımından vacibliyi qeyd olunub. Bu iki sənəd əsasən regionlarda ixtisaslaşmanı, xüsusilə kənd təsərrüfatı məhsullarının ixtisaslaşmasını zəruri edir”.
O bildirib ki, bu tapşırığın icrası olaraq institutda həm iqtisadi rayonlar, həm də inzibati rayonlar üzrə kənd təsərrüfatının ixtisaslaşması məsələsi elmi cəhətdən araşdırılıb.
“Bu araşdırmada dünya təcrübəsi öyrənilib, hər bir rayonun həm kənd təsərrüfatı məhsullarının istehsalı, onların iqlim torpaq quruluşu və digər məlumatlar toplanıb və kənd təsərrüfatı məhsullarının istehsalı ilə ixtisaslaşma ilə bağlı metodik yanaşma hazırlanıb. Həm iqtisadi rayonlar, həm də inzibati rayonlar üzrə ixtisaslaşmanın səviyyəsi müəyyənləşdirilib”.
O qeyd edib ki, aparılmış hesablamalara əsasən Azərbaycanda qoz bütün rayonlar üzrə ixtisaslaşa bilər. Göyçayda narın, Qubada almanın ixtisaslaşma əmsalı çox yüksəkdir.
“Heyvandarlıq üzrə qoyunçuluğun inkişafı vacibdir. Bunlar istisnasız olaraq bütün rayonlar üçün xarakterikdir. Digər məhsulların ixtisaslaşma səviyyəsi rayonun hava, torpaq şəraiti və digər faktorlardan asılıdır.
O bildirib ki, institutda aparılmış tədqiqatlar nəticəsində ixtisaslaşma səviyyələrinə görə məhsullar bölünüb.
“Məhsullara həm dənli və paxlalı bitkilər, meyvələr və heyvandarlıqda qoyunçuluq, quşçuluq kimi sinfi təsnifat vermişik. Hər bir sinfi təsnifatın özünün ixtisaslaşma səviyyəsini eyni zamanda xüsusi olaraq məhsulun ixtisaslaşma səviyyəsini göstərmişik. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları və xidmətlərin 200-ə qədər çeşidi seçilib və məhsul və xidmətlərə görə balans tərtib olunub və məhsul və xidmətlərin rəqabət üstünlükləri müəyyən olunub”.
O bildirib ki, ixtisaslaşmanın aparılması kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinə təsir edən əsas faktorlardandır.
“Kooperasiyanın aparılması, kənd təsərrüfatı komplekslərinin yaradılması və bazarın öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti potensial olaraq böyük rəqabət qabiliyyətinə malikdir. Bunların faktiki rəqabət qabiliyyətini təmin etmək üçün ixtisaslaşmanın aparılması vacibdir”.
O bildirib ki, bu tədqiqatlar nazirliyin müvafiq qurumlarına təqdim olunur və müvafiq dövlət sənədlərində müəyyən mənada öz əksini tapır.