Süni bahalığın bir çox hallarda real vəziyyətə təsir göstərdiyi Azərbaycanda qiymətartımına start verilməsi heç bir neçə gün də çəkmədi. Fürsətbazlar həmişə var və onlar üçün həqiqət ancaq öz mənafelərinin qorunması üçün hər yolun məqbul hesab edilməsindən ibarətdir. Bazarlarda, mağaza və marketlərdə aparılan müşahidələr bu fikrin möhkəmlənməsindən başqa heç nəyə xidmət etmədi.
Öncədən qeyd edək ki, Yeni il ərəfəsində paytaxtın bir neçə rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək. Əslində bu hər həftəsonu keçirilən yarmarka ənənəsindən başqa nəsə deyil, yəni ortada geniş şəkildə reklama ehtiyacı duyulan böyük bir yenilik yoxdur.
Yenilik təkcə ondan ibarətdir ki, bu yarmarkalarda qiymət artımı gözləniləndir. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi qiymətlərin qaldırılmayacağını və nəzarətdə saxlanacağını deyir. Amma o da aydındır ki, yanacaq bahalaşıbsa rayonlardan Bakıya məhsulun daşınma xərcində də artım gözləniləndir.
Xüsusən nəzərə alsaq ki, ölkəmizdə hansı bayram olmasından asılı olmayaraq qiymət artımı bayram əhval-ruhiyyəsinə birbaşa təsir edəcək səviyyədə olur, o zaman bu Yeni ilin də əvvəlkilərdən fərqlənəcəyini güman etməyə dəyməz. Xüsusən də əgər ortada “süni qiymət artımı” iddiasına cavab ola biləcək yanacağın bahalaşması kimi bir faktor var.
Satıcı çox, alıcı yox...
Yolumuzu saldığımız Təzə bazarda bunun təzahürlərini hiss etmək çətin deyil. Günorta saatları olmasına baxmayaraq, bazarda alıcı çox az idi.
Demək olar ki, hər satıcıya heç bir alıcı belə düşmədiyinə görə birdən -birə iki potensial müştərini qarşılarında görən satıcıların “reklamına” söz ola bilməz. Hər kəs öz satdığı malı tərfiləyir, bəzən hətta him-cimlə qarşı piştaxtadakı həmkarının malını pisləmək bahasına da olsa. Amma çox keçmədən məlum olur ki, hər ikisi malı eyni yerdən alır, buna görə də yaxşı yaxud pis anlayışı həqiqəti əks etdirmir.
Bunu isə satıclar bazar ənənəsi ilə izah edirlər: “Əgər qonşunun malını pisləyib öz malını tərifləməsən satmaq olmaz”. Düzdür, bu dostcasına deyil. Amma əgər ortada evə axşam çörək aparmaq qovğası varsa, bazar dostluğu bir anda arxa plana keçir.
“Hələ camaat maaş almayıb”
Bazarda daha çox göz dəyən məhsul nar, boranı və sitrus meyvələridir. Ən ucuzundan sitrus meyvələrindən başlayaq. Mandarinin qiyməti hər kilosu üçün 80 qəpiklə 1 manat arasında dəyişir. Əlbəttə bu qiymət keyfiyyətinə görə bir çoxlarının bayram süfrəsinə yaraşdırmayacağı mandarinin qiymətidir. Daha yaxşısını almaq üçün hər kiloya 2 manat xərcləmək lazımdır. Apelsin 2-3 manatdan satılır. Nar 2 manat, boranı isə daha ucuz-80 qəpiyə təklif olunur.
Satıcılar alıcı azlığından şikayətlənirlər. Səbəbini qiymət artımı ilə izah etmirlər, onların fikricə qiymətlər o qədər də yüksək deyil: “Amma nədənsə alıcı azdır. Yəqin ay sonuna yaxındır, hələ camaat maaş almayıb. Bayram qabağına ümidimiz var”.
Satıcıların sözlərinə görə, bəziləri bayram günlərində satmaq üçün indidən topdansatışdan meyvə-tərəvəz tədarükü görüb. Amma heç də hamısı yox. Çünki qazancından artırıb bayram ehtiyatı toplamaq da hər adama nəsib olmur.
3 manatlıq alma 12 manat
Satıcılar deyir ki, qiymət artımı ilk növbədə onların cibinə təsir gəstərib. Çünki topdansatışda qiymətlər artırılıb. “Baxın, bu 20 kiloluq alma qutusunu indi 15 manata satırıq, çünki 12 manata alırıq. 4 gün əvvəl isə cəmi 3 manata alır, 5 manata satırdıq. Birdən-birə 4 dəfə bahalaşıb. Bir həftə əvvəl 5 manata 20 kilo alma alan alıcımız indi 15 manat eşidəndə inanmır. Başa sala bilmirik ki, bu, bizdən asılı deyil. Bunda bizə cəmi 2 manat pul qalır. 2 manata görə hamı ilə üz-göz oluruq. Çünki bura gələnlər əsasən daimi müştərilərdir”.
Malı hardan almalarına gəlincə, əksər bazarlar kimi bu bazarda da satıcılar topdansatış mərkəzi kimi Meyvəli bazarı seçir.
“Orda da qiymətlər artıb, çünki əksər mallar rayondan gətirilir. Xaricdən gətirilən malların da qiyməti qalxıb. Amma əsl bahalaşma yanvarda olacaq. Amma məcburuq alaq. Bir-iki gün sonra bu qiymətlərə də öyrənəcəklər. İndi bir az çətin gəlir, 1 ay sonra elə bil heç nə olmayıb. Hamı elə təzə qiymətlərə alışacaq”- bunu da bir az əvvəl qiymətlərin bahalığından danışan satıcı deyir.
Bazarın gülü kartof
Bazarda qiyməti ilə hamını təəccübləndirən məhsul son bir həftənin qəhrəmanı olan kartofdur. 1 manat 30 qəpik- 1 manat 50 qəpik. Heç bir satıcı qiymətin niyə bu qədər artdığını izah edə bilmir. Sadəcə onu deməklə kifayətlənirlər ki, topdansatış bazarlarında onlara pərakəndə qiymətdən cəmi 20 -30 qəpik ucuzuna mal təklif olunur:
“Kartofun qiyməti birdən-birə bahalaşdı. Əvvəlki gün heç kəs almadı ki, qiymət düşəcək. Amma kartof elə maldır ki, almasan olmur. İndi daha bu qiymətə öyrəşiblər. Düzdü əvvəl 3 kilo alan indi bir kilo alır, amma alır da. Deyinirlər, amma alırlar. Bizə nə lazımdı ki, malımız satılsın. Kartof olub bazarın gülü...”
Bazarda bayram süfrəsini bəzəyəcək başqa məhsullar- məsələn, xiyar, pomidor, digər meyvələr kifayət qədər bahadır. Məsələn, xiyarın bir kilosu 2 manata satılır. Pomidor da qiymətinə görə ondan geri qalmır. Alıcıya gəlincə, hələlik azdır, amma satıcılar bayram günlərinə böyük ümid bəsləyir: “Bizimkilər son qəpiklərini də bayram süfrəsinə xərcləyirlər”.
Qazaxdan Bakıya yol 40 manat bahalaşıb
Təzə bazarda Yeni ilin ərəfəsində olduğumuzu hiss etdirəcək heç nə yoxdur-bircə hind toyuqlarından başqa. Diri halda satılan hind toyuqları 20 manatdan başlayan qymətlərlə təklif olunur. Amma bu qiymətə aldanmayın. Əgər yeni ili müasir dünya ilə ayaqlaşıb hind toyugu yeməklə qarşılamaq istəyirsinizsə 20 manat sizə bəs etməyəcək. Çünki bu qiymətə aldığınız diri çəkili hind toyuğu bir bayram süfrəsi üçün çox azdır.
Nəzərə alsaq ki, yarmarkalarda hind toyuğunun bir kilosu 9 manata satılacaq, o zaman ən yaxşı variant yarmarkaları gözləməkdir. Ətin qiyməti isə hələlik dəyişməyib 8-10 manat. Amma qəssablar bayram günləri qyimətin bir daha enməmək şərti ilə artacağına ümid edirlər: “Diri heyvanı Qazaxdan gətirmək üçün rayondan gələn maşına əlavə 40 manat veririk. Bunu çıxartmaq lazımdı ya yox?”
“Bahalaşma yanvardan başlayacaq”
Bazarlar qədər elə marketlərdəki qiymətlərdə də artım hiss edilir. Amma satıcılar bunun kütləvi olaraq bütün məhsullara şamil edilmədiyini bildirirlər. Dediklərinə görə, biz çox məhsulların qiymətində artım 20 qəpikdən o tərəfə keçmir. “40 qəpiklik tum indi 60 qəpik olub. Uşaqlar üçün şirniyyatın ədədində 10-20 qəpik bahalaşma var. Əsas mallar hələlik anbarda olan mallar olduğuna görə qiymət artımı yoxdur. Çünki əvvəldən alındığına görə köhnə qiymətlərlə satılır. Amma məsələn Rusiyadan gətirilən konftlərdə 50 qəpiklə 1 manat arasında bahalaşma var. Kərə yağlarında da qiymət artıb”.
Elə marketlərdə də deyirlər ki, bahalaşma dalğası əsasən yanvardan başlayacaq. Daha doğrusu, anbarlarda köhnə mallar satılıb qurtarandan sonra. Bir sözlə, yeni ilə yeni qiymətlərlə... /aznews.az/