Bakı şəhərində çoxlu mübahisəli torpaq sahələri var. Baş şəhərin Sabunçu, Suraxanı, Səbayel, Xəzər, Binəqədi rayonlarının hər birinin ərazisində olan torpaq sahələrinin sahibinin kim olduğunu birbaşa söyləmək mümkün deyil. Başqa sözlə, iki adaxlısı olan qızlar kimi, adıçəkilən rayonlardan torpaq almaq ağrımayan başını ağrıtmaq deməkdir. Necə ki, Səxavət Rəhmətov 2005-ci ildə “Etibarnamə” ilə başına böyük bir dərd alıb. Ancaq o, pul verib torpaq deyil, problem aldığını 2010-cu ildə anlayıb. Həmin il öyrənib ki, bələdiyyənin, Torpaq və Xəritəçəkmə Komitəsinin imzası ilə aldığı torpaq “Binəqədi Oil” şirkətinə məxsusdur. Daha doğrusu, şirkət torpağın “Binəqədi Oil”in, bələdiyyə isə onun olduğunu deyir. Ortada qalan, məhkəmələrdə vaxt itirən isə vətəndaşdır.
Etibarnamə ilə gələn bəla
2000-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin İcra Hakimiyyətinin Sərəncamı ilə Salətdin Sultan oğluna 500 kvadrat-metr torpaq sahəsi ayrılıb. S.Sultanoğlu 2005-ci ildə “Etibarnamə” ilə ona aid torpağın 300 kvadrat-metri üzərində bütün haqlarını Səxavət Hüseyn oğlu Rəhmətova ötürüb. Bu hüququndan istifadə edən Səxavət Rəhmətov aldığı torpaq üzərində ev tikib. Ev tam hazır olandan sonra – 2011-ci ildə evin guya ki, “Saziş ərazisi hüdudları daxilində inşa edilən özbaşına tikili” olduğu barədə iddia ortaya çıxıb. İddia müəllifi isə “Binəqədi Oil” şirkətidir. Şirkət “özbaşına tikili” adlandırdığı evin taleyi ilə bağlı özbaşına qərar qəbul edib. Belə ki, məhkəmə qərarı olmadan və yiyəsinə məlumat verilmədən evi uçurub.
Məsələ yalnız bu mərhələdən sonra məhkəmə müstəvisinə keçib. 2011-ci ildən başlanan məhkəmə çəkişməsi hələ davam edir. S.Rəhmətovun evi söküldüyü kimi qalıb. Ətrafda tikintisi bu evdən sonra başlanan bütün tikintilər başa çatıb. Hətta ətrafda – bu evin qonşuluğunda özülü yenicə qoyulanlar da var. Amma, məhz S.Rəhmətova aid ev sökülüb. Nədənsə, yalnız bu ev “Saziş ərazisi hüdudları daxilində”dir, ancaq bu ev “özbaşına tikili”dir…
Maraqlıdır, niyə? Bunu məhkəmə aydınlaşdıracaq. İddia ilə xəritə materiallarında uyğunsuzluq İndiki mərhələdə hüquqi müstəvidə gedən mübarizə şirkət üçün uğursuz nəticələnib. Belə ki, Səxavət Hüseyn oğlu Rəhmətov tikdiyi evin tamamilə qanuni olduğunu tam sübuta yetirib. Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən Bakı Apelyasiya Məhkəməsinə ünvanlanan məktubda bildirilib ki, qurumun mütəxəssisləri mübahisəli torpaq ərazisinə baxış keçirib və “Binəqədi Oil Company S.A” şirkətinin mübahisələndirdiyi torpaq sahəsinin yerləşməsinə dair təqdim etdikləri koordinatlarda uyğunsuzluqlar aşkar olunub: “Mübahisələndirən torpaq sahəsi iddiaçı “Binəqədi Oil Company S.A” tərəfindən onların istifadəsində olan torpaqların sərhədi daxilində olmasını iddia etmələrinə baxmayaraq, (təqdim etdikləri xəritə materiallarına görə, GPS avadanlığı ) aparılan ölçü işlərinin nəticəsindən məlum olub ki, mübahisələndirilən torpaq sahəsi “Binəqədi Oil Company S.A”nın istifadəsində olan torpaq sahələrinin sərhədi xaricində yerləşir”. Maraqlıdır, “Binəqədi Oil Company S.A” təqdim etdiyi xəritəyə baxmayıbmı? Görəsən, xəritələrinə özləri əsaslanmırlarsa, onda nəyə əsasən torpaq iddiası irəli sürürlər?
Torpaq şirkətin deyil, bələdiyyənindir
Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin sədri R.A.Cabbarovun imzaladığı cavab məktubundan da S.Rəhmətova aid 300 kv.metr torpaq sahəsinin ona tam qanuni əsaslarla verildiyi təsdiqlənib. Məktubda mübahisələndirilən ərazinin Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli 908 saylı sərəncamı ilə Binəqədi qəsəbə bələdiyyəsinə ayrılan 164 ha torpaq sahəsinə aid ərazidə yerləşdiyi təsdiq olunub.
Tikintini sökməyib deyir, yeni tikintiyə isə icazə vermir
Nəhayət, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin apardığı araşdırmanın nəticəsi olaraq, “Binəqədi Oil Company S.A”nın iddiası rədd edilib. Bu ilin avqustunda rayon məhkəməsinin çıxardığı qətnamə Səxavət Rəhmətovun evi və torpaq sahəsi üzərindəki tam hüququnu bərpa edib. Məhkəmə qətnaməsindən 2 aya yaxın müddət keçməsinə baxmayaraq, Rəhmətov ev və 300 kv.metrlik torpaq sahəsi üzərindəki qanuni haqlarını təmin edə bilmir. Belə ki, ailə uçurulmuş evini bərpa edə bilmir. “Binəqədi Oil Company”nin özbaşınalığı o həddə çatıb ki, verilən məhkəmə qətnaməsinə də hörmət etmir. Şirkətin nümayəndəsi Rəhmətovlara bildirib ki, onlar evin tikintisi üçün Dövlət Neft Şirkətindən icazə almalıdırlar.
Maraqlıdır ki, şirkət 2011-ci ildə evin sökülməsi barədə özbaşına verdiyi qərarın da arxasında durmur və Rəhmətova məxsus evi sökdüyünü etiraf etmir. Buna baxmayaraq, yeni evin tikintisinə də icazə vermir. Maraqlıdır, məhkəmə qətnaməsi ilə hər hansı neft ərazisi olmadığı təsdiq edilən bələdiyyə torpağında ev tikmək üçün ARDNŞ-dan icazə nə üçündür?
ARDNŞ - dövlətdir yoxsa, vətəndaş üçün növbəti əngəl?
Yenimeydan.info AzNews.az -a istinadən xəbər verir ki, ARDNŞ-ın hüquq idarəsinin rəis müavini Şahin İsmayılbəyli sualı cavablandıraraq bildirib ki, xarici şirkət olan “Binəqədi Oil Company”nin vətəndaşdan tələb etdiyi rəy hasilatın pay bölgüsü haqqında Sazişin tələblərinə uyğundur: “Xarici şirkətlərlə dövlət adından ARDNŞ müqavilə bağlayır. “Binəqədi Oil” Azərbaycanda fəaliyyət göstərən, neftin emalı və satışı ilə məşğul olan şirkətdir. Azərbaycan isə sözügedən müqaviləyə əsasən “Binəqədi Oil” qarşısında öhdəlik götürüb ki, onun fəaliyyəti üçün hər hansı maneə olmayacaq. Bizdə artıq belə təcrübə formalaşıb. Vətəndaş bizə müraciət edəndə biz müvafiq şirkətə müraciət edirik. Şirkətin təqdim etdiyi koordinatlarla vətəndaş üçün ayrılan torpaq sahəsinin koordinatlarını yoxlayır və ona uyğun olaraq cavab veririk”. Ş.İsmayılbəyli vətəndaşla “Binəqədi Oil” arasında baş verən münaqişənin ARDNŞ-a aidiyyəti olmadığını bildirib: “Ümumiyyətlə, vətəndaşlar bilsin ki, Binəqədi, Sabunçu, Balaxanıda torpaqlar mübahisəli ərazilərdir”.