Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Tədbirdə Prezident Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev, hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi general-mayor Nizami Şirinov da iştirak ediblər.
General-leytenant Vahid Əliyev ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin bu il dekabrın 18-də imzaladığı, Müdafiə Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə fərmanı kollegiya iştirakçılarına elan edib.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və bu ordunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə tapşırılıb.
Kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.
Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, tapşırıqlar verilib.