“Gəlirlər, pullarını alıb gedirlər. 3 ay əvvəl bir vay-şüvən salmışdılar ki, ay yük maşınları normadan artıq yük götürür, ay qoymayın yollar dağıldı. Nə oldu? İndi yük maşınlarının "bort"ları 2 dəfə qalxıb, 15 ton əvəzinə 25 ton yük aparırlar. Sadəcə qara camaat üçün pul tələsidir. Əvvəl camaatı döyüb sənədlərini, maşının nömrələrini açıb aparırdılar, indi maşının özünü aparacaqlar. Əgər bunu Nəqliyyat Nazirliyi edəcəksə, onda Yol Polisinin maşınları cərimə meydançasına aparması nəyə gərəkdir" - deyə Asif adlı sürücü bildirib. Başqa bir sürücü isə Nəqliyyat Nazirliyinə belə bir səlahiyyətin verilməsini “dəvəyə qanad verilməsinə” bənzədib. Ümumiyyətlə isə rəyini soruşduğumuz sürücülər Nəqliyyat Nazirliyinin müfəttiş xidmətinin ləğv olunmasının tərəfdarı olduqlarını deyiblər.
Bəs hüquqşünaslar nə deyir?
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış “Yeni Müsavat”a Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinin qanunsuz bir qurum olduğunu söyləyib: “Nəqliyyat Nazirliyinin əməkdaşları sürücünü saxlayır və sənəd tələb edir. Sürücü sənədi verməyəndə maşınların nömrə nişanlarını açırlar. Əslində bu hərəkətləri ilə müfəttişlər cinayət törədirlər. Bu hərəkətləri vəzifədən sui-istifadədir”.
Hüquqşünas deyir ki, bu yaxınlarda Nazirlər Kabineti(NK) Nəqliyyat Nazirliyinə müəyyən hallarda nəqliyyat vasitələrinin evakuatorlardan istifadə etməklə cərimə meydançasına aparılması səlahiyyətini verib: “Əslində Nazirlər Kabinetinin qərarı ilə belə bir qayda müəyyən edilə bilməzdi. Bu halda NK özü səlahiyyət həddini aşıb. Çünki nəqliyyat vasitəsinin aparılması, mülkiyyətçinin əlindən alınması qanunla tənzimlənməlidir. İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını Konstitusiyamız qadağan edir. Avtomobil vətəndaşın mülkiyyətidir və mülkiyyət hüququnun məhdudlaşdırılması da NK-nin səlahiyyətində deyil”.
M.Baxış dedi ki, əgər NN müfəttişləri vətəndaşların avtomobillərini evakuatorla aparacaqsa, bu addımları qanunsuz olacaq və müvafiq qaydada cəzalandırılmalıdır: “Müfəttişlərin sürücüləri döyməsi, onlara qarşı qanunsuzluqlara yol verilməsi CM-309-cu maddənin təsiri altına düşür. Yəni qulluq mövqeyindən istifadə etməklə vətəndaşlara xəsarət yetirmə cinayəti törədirlər və bu cinayət ağır cinayətlər kateqoriyasına aiddir”.
M.Baxışın fikrincə, Nəqliyyat Departamenti adlı qurumun NN daxilində fəaliyyəti qanunsuzdur: “Bu münasibətlər yol polisi vasitəsilə tənzimlənməlidir. Korrupsiya və rüşvətlə mübarizə aparırlarsa, bu və bu tip qurumlar ləğv olunmalıdır”.
Millət vəkili İqbal Ağazadə də NN-ə belə bir səlahiyyət verilməsini düzgün hesab etmir: “Hakimiyyət bu haqda düşünməlidir”. İ.Ağazadə NN müfəttişlərinin zorakılıqlarının davam etməsində sürücülərin də suç payının olduğunu dedi: “Sürücünü döyüb şikəst edirlər. Məsələ böyüyür, ictimaiyyətin diqqət mərkəzinə düşür və müfəttiş zorakılığı ilə üzləşən sürücülərin əksəriyyəti məsələnin sona kimi araşdırılmasında maraqlı olmurlar. Biri deyir ki, dərinə getmirəm, sonra məni işləməyə qoymayacaqlar, başqası deyir ki, onları bağışladım. Bu da növbəti zorakılıqlara yol açır”.
İ.Ağazadə bildirdi ki, müfəttiş zorakılığı ilə bağlı Milli Məclisdə dəfələrlə məsələ qaldırıb. Lakin müfəttiş zorakılığı səngiməyib. Əksinə artıb. İ.Ağazadə bunu hökm sürən cəzasızlıq mühiti ilə əlaqələndirib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov evakuator xidmətinin fəaliyyəti haqda anspress.com-a danışıb. Xidmət rəhbəri deyib ki, avtobuslar, taksilər lisenziyasız fəaliyyət göstərirsə, bu zaman nazirliyin əməkdaşları həmin avtomobilləri xidmətdən kənarlaşdıracaqlar. “Bəzən lisenziyanın şərtlərini pozduqda, vergini vaxtında ödəmədikdə, texniki müayinədən keçmədikdə və sürücü tibbi yoxlanışı olunmadıqda, lisenziyanın şərtləri pozulur. Bu zaman avtomobil xidmətdən kənarlaşdırılır. Həmin avtomobil Nəqliyyat Nazirliyinin cərimə meydançasında saxlanılır. Bundan başqa, əgər vətəndaş öz şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edirsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman nazirliyin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər”, - deyə Namiq Həsənov bildirib. N.Həsənovun sözlərinə görə, artıq bu qərar 10 gündür qüvvəyə minib: “Artıq dövlət yol polisinin evakuatoru ilə bərabər, Nəqliyyat Nazirliyinin evakuatoru da maşınları cərimə meydançasına aparanda, bunu anormal hal kimi qarşılamasınlar”.
Bu xəbər cəmi 2175 dəfə oxunuldu