Bəhruz Hüseynzadə öz şəxsi arxivindən olan ən unikal fotoları slayd şou şəklində qonaqlara təqdim edərək hər birinin çəkildiyi tarixi, fotoqrafı haqqında qısa məlumat verdi.
Tarixçi-rəssam, ən çoxu 152 yaşı olan fotoları gələcəkdə kitab halında dərc etdirməyi planlaşdırdığını ya da paytaxt muzeylərindən birinə bağışlayacağını dedi:
“Gələcəkdə bu şəkillər yeni nəsil bakılıların həyatında mühüm rol oynaya bilər. Onlar bu şəkillərin vasitəsi ilə Bakının qədim küçələri, arxitekturası haqqında öyrənə bilərlər”, deyə B.Hüseynzadə bildirdi.
“Bakılı oğlanlar” Şən və Hacırcavablar Komandasının, həmçinin Kinematoqrafçılar Birliyinin, Karikaturaçılar Birliyinin və Rəssamlar Birliyinin üzvü Bəhram Bağırzadə qeyd etdi ki, Bakının tarixi irsinin qorunması və təşviqi baxımından bu layihə olduqca əhəmiyyətlidir:
“Bu fotolar doğma şəhərinə öz sevgini bəyan etməsidir. Mənim arzumdur ki, gələcəkdə Bakının qədim fotolardan ibarət muzeyi açılsın. Nəinki paytaxtımıza gələn qonaqlarımız üçün elə Bakının öz sakinləri üçün də maraqlı olsun”, B.Bağırzadə çıxışı zamanı dedi.
Sərgidə Dmitri Yermakov Aleksandr Mişon, Hüseyn Hüseynzadə Breqadzenin çəkdiyi fotolar da yer almışdı.