Ölkəmizin Pakistandakı səfirliyindən bildiriblər ki, üz qabığında Azərbaycan Prezidenti İlham Əliyevin fotosu yerləşdirilmiş jurnalda nəşrin baş redaktoru, forumun iştirakçılarının məqalələri dərc olunub.
Baş redaktor Məhəmməd Asif Nurun “Bakı Beynəlxalq Humanitar Forumu-Pakistan üçün dərslər”, Preston Universitetinin professoru Soheyl Mahmudun “Bakı Humanitar Forumu” və ABŞ-ın Pitsburq universitetinin professoru və Con Hopkins Universitetinin tədqiqatçısı Aftab Kazinin “III Bakı Humanitar Forumu haqqında reportaj” adlı məqalələri təqdim olunur.
Məqalələrdə 70 ölkə və 5 beynəlxalq təşkilatlardan 800 nəfər Bakı Humanitar Forumunda iştirak etdiyi, onların arasında 7 sabiq prezident, 13 Nobel laureatı, 107 tanınmış siyasi xadimin olduğu qeyd edilib.
Yazılarda keçirilmiş forumun məqsəd və məramları, formatı, ali qonaqların qarşılanması, tədbirin nəticələri haqqında məlumatlar verilib.
Azərbaycan və Rusiya prezidentləri tərəfindən 2010-cu ildə təsis olduğu Forumun Azərbaycan Prezidenti İlham Əliyevin nitqi ilə başlandığını qeyd edən müəlliflər, dövlət başçısının öz çıxışında milli və qlobal səviyyəli problemlərin hər bir aspektinə toxunduğunu vurğulayıblar.
Qeyd edilib ki forumda, Rusiya prezidenti Vladimir Putin, BMT-nin baş katibi Pan Gi Mun, UNESCO-nun baş katibi İrina Bokovanın forum iştirakçılarına müraciətləri oxunub, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, İSESCO-nun baş katibi Abduləziz əl-Tuveyceri, Baltikyanı dövlətlərin sabiq dövlət başçıları çıxış ediblər.
Məqalədə, forumun ikinci günündə müxtəlif mövzularda dəyirmi masaların keçirildiyi vurğulanıb. Mövzuların tam siyahısını açıqlayan ABŞ-lı alim Leyla Əliyevanın “Multikulturalizm və mənsubiyyət: Cəmiyyət üçün dəyərli konsensus axtarışında” adlı panel diskussiyasında iştirakını işıqlandırıb, bu kimi mövzuların əhəmiyyətini qeyd edib.
Jurnalda, həmçinin Bakı Beynəlxalq Humanitar Forumunun yekun deklarasiyasının mətni dərc edilib.
Məqalələrin müəllifləri, Prezident İlham Əliyevin başçılığı ilə son 10 ildə Azərbaycanda aparılan yenidənqurma işləri, qeyri-neft sektorunun inkişafı, əldə edilmiş nailiyyətlər, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ölkəmizin xarici və daxili siyasəti, geostrateji əhəmiyyəti, Ermənistanın təcavüzkar siyasəti və digər mövzularda oxucuları məlumatlandırıblar.
Daha sonra yazılarda, forum çərçivəsində tədbir iştirakçılarının Azərbaycanın müxtəlif bölgələrinə turların təşkil olunduğunu, bu səfərlər zamanı regionlarda aparılan islahatlar, həmin ərazilərin təbiəti, qədim tarixi abidələri, ziyarətgahları ilə tanış olduqlarını bildiriblər.
“Diplomatik Insight”-ın xüsusi buraxılışında Bakı Forumunun Azərbaycanın dünyada tanıtması və imicinin daha da artırılmasına xidmət edən bir tədbir olduğu vurğulanıb. Eyni zamanda bildirilib ki, müxtəlif ölkələrdən olan aparıcı mütəxəssislərlə keçirilən görüşlər pakistanlı siyasi xadimlər, elm adamları və media mənsubları üçün son dərəcədə böyük bir əhəmiyyət kəsb edir.