Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının sədrləri iştirak edib.
Mərkəzin formalaşdırılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Digər məqsəd isə Dağlıq Qarabağ bölgəsi, Ermənistanın işğalçılıq siyasəti və münaqişə barədə dolğun, obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” Mərkəzinin yaradılması üzrə 5 tərəfdaş təşkilat fəaliyyət göstərib.
Bu barədə məlumat verən mərkəzin koordinatoru Nurəddin Mehdiyev bildirib ki, layihə çərçivəsində “virtualkarabakh.az” portalı hazırlanıb. Onun sözlərinə görə, portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir:
“Mərkəzdə Qarabağla bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, elektron kitabxana, foto-video studiya, işğal olunmuş rayonların adları ilə adlandırılmış otaqlar fəaliyyət göstərir. “Virtual Qarabağ” layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və eləcə də dünyanın bir çox aparıcı dillərində mərkəzləşdirilmiş internet-şəbəkə resursu kimi düşünülüb. Əsas hədəflərimizdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanın haqlı mövqeyinin dünyanın ədalətli, sülhsevər sakinlərinə çatdırılmasına töhfə verməkdir”.
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu layihə çox vacib hadisələrdən biridir.
“Biz bu gün virtual aləmdə yaşayırıq və bundan bütün dünya məharətlə istifadə edir. Qarabağ həqiqətlərinin və Azərbaycan haqqında dünyaya maraqlı məlumatların çatdırılması çox mühüm bir haldır. Bunu hələ ki, 5 təşkilat həyata keçirir. Lakin inanıram ki, təkcə 5 təşkilat yox, bütün gənclər və QHT-lər buna dəstək olacaq”.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, Azərbaycan öz ərazi bütövlüyünün qaytarılması üçün mübarizə aparır.
“Bu mübarizə sadəcə real həyatda deyil, həmçinin internetdə də aparılır. Təbii ki, biz ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ və onun tarixi abidələrini nümayiş etdirməklə, ermənilərin ölkəmizə vurduğu ziyanı bütün dünyaya çatdıra bilirik. Əslində bu kadrlara baxmaq və orada olan dağıntıları görmək hamımız üçün ağırdır. Buna görə də bu həqiqətləri dünyaya çatdırmalıyıq ki, biz haqlıyıq və xalqımız nələr çəkib. Layihədə 5 təşkilat tərəfindən yaranan təşəbbüs inanıram ki, bütün Azərbaycanın təşəbbüsünə çevriləcək”.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə ölkə başçısının rəhbərliyi altında aparılan bütün işlər, bizi Qarabağa aparan yoldur.
“Bu gün virtual dünyada informasiya mübadiləsi çox ciddi bir önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulub. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Qarabağ portalının bu sahədə çox işlər görəcəyinə inanıram”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov isə bildirib ki, Azərbaycanda internet artan xətlə inkişaf edir və etməkdədir.
“Bu gün gənclərimiz Qarabağ haqqında və onun həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox işlər görür. Bir şeyə həqiqətən inanırıq ki, internetdə Qarabağ virtual ola bilər, lakin Qarabağ realdır və o bizimdir”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, bugünkü saytın təqdimatı onu göstərdi ki, biz hər gün Dağlıq Qarabağın qaytarılması uğrunda durmadan çalışırıq.
“Bilməliyik ki, beynəlxalq aləmdə təkcə güclü olmaq deyil, həm də ağıllı olmaq lazımdır. Bu işdə hər bir Azərbaycan gənci və fəalı iştirak etməlidir. İnanıram ki, bu təşəbbüs davam edəcək və Azərbaycanın haqq səsinə beynəlxalq ictimaiyyətin qoşulmasını təmin edəcəyik”.
Tədbirdə eyni zamanda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan “Qarabağa doğru” filminin Azərbaycan, ingilis dilində versiyalarının və “Şuşa-Virtual Səyahət” 3D qrafik təsvirli filminin də təqdimatı baş tutub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyidir.