Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 140, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilib ki, dekabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 118 m3/s, ongünlük normanın 76 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 140 m3/s və ongünlük normanın 90 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 61 m3/s təşkil edib və ongünlük normanın 81 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, dekabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 17, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, Bankədə isə 8 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 343 sm (2012-ci il dekabrın 13-də 395 sm), Şirvanda 194 sm (2012-ci il dekabrın 13-də 278 sm ), Salyanda 160 sm (2012-ci il dekabrın 13-də 272 sm ), Bankədə 205 sm (2012-ci il dekabrın 13-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2012-ci il dekabrın 13-də 150 sm) təşkil edir.