Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Yerevanda həmkarı Edvard Nalbandiyanla görüşdü. Görüşdən sonra geniş açıqlama verilmədi. «Nə oldu? Necə oldu? Hansı məsələlər dartışıldı? Nədə ortaq məxrəc alındı?» və s. suallar Türkiyə və Ermənistan olduğu kimi, Azərbaycanda da maraq doğurur.
Davudoğlu Yerevana getməzdən öncə Türkiyə mediası yazırdı ki, Ermənistan işğal etdiyi rayonlardan, azı, ikisini Azərbaycana qaytararsa, Ermənistanla sərhədlər açılacaq və qarşılıqlı alış-veriş canlanacaq. Sonradan həm Ankara - Davudoğlunun dilindən, həm də onun erməni həmkarı bu xəbəri yalanlamışdılar.
İstanbulda erməni dilində çıxan «Jamanak» qəzetinin baş redaktoru Ara Goçunyan Azadlıq Radiosunun erməni xidmətinə məlumatında Yerevanda gerçəkləşən görüş barədə bəzi bilgilər verib. Goçunyan da Davudoğlu ilə birgə Ermənistan paytaxtında olub. O, iki nazir arasında görüşün isti keçdiyini dilə gətirib: «Davudoğlu dedi ki, tərəflərin mövqeyində fərqliliklər var, ancaq Türkiyə tərəfi, belə görüşlər tez-tez keçirilərsə, müsbət nəticə ola biləcəyini düşünür. Ankara Yerevanla ən yaxşı səviyyədə münasibət qurmaq istəyir. Nazirlər arasında açıq və səmimi söhbət olub. Aydındır ki, hər şeyi dərhal həll etmək imkansızdır, amma heç görüşmədən problemləri çözmək mümkün deyil. Dialoq aparmaq vacibdir».
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda «Ermənistan Türkiyə ilə münasibətlərinin qeyd-şərtsiz tənzimlənməsinə dair prinsipial mövqeyini bir daha təsdiqləyib» sözləri vurğulanır və görüşün «isti» atmosferindən söz açılmır.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azadlıq radiosuna bildirib ki, Ermənistanla münasibətləri nizamlamaq üçün Ankaranın yol xəritəsi hazırladığını xatırladır: «Həmin yol xəritəsində də ilk maddə Ermənistanın Qarabağ ətrafındakı iki rayonu boşaltmasıdır. Bundan sonra Türkiyə-Ermənistan münasibətləri nizamlanmalıdır. Nalbandyan qeyri-şərtsiz Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı olduğunu deyirsə, bu o deməkdir ki, Ermənistan hakimiyyəti iki rayonun azad olunması şərtini qəbul etmir». Şahinoğlunun fikrincə, demək əngəllər var və bu əngəllər aşılmadan Ankaranın yol xəritəsinin işə düşəcəyi və iki rayonun azad olunacağı gözlənilən deyil: «Ankaranın qarşısında 3 ciddi əngəl var. Birinci əngəl elə Azərbaycan hakimiyyətidir. Böyük ehtimalla Ankara bu dəfə Ermənistanla münasibətlər məsələsini rəsmi Bakı ilə razılaşdırıb. Ancaq Azərbaycan Ermənistandan iki yox, beş rayonun azad edilməsini tələb edir. İkinci maneə də Ermənistan hakimiyyətinin özüdür. Çünki Ermənistan prezidenti Serj Sarksyan daxildəki millətçi qüvvələrlə hesablaşmalıdır. Əks halda Sarksyan daxildəki qüvvələrlə üz-üzə qalacaq. Üçüncü əngəlsə Rusiyadır. Bu ölkə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasını istəmir. Axı bu halda Ermənistanın Rusiyadan asılılığı azalacaq. Rusiyanın hərbi və siyasi dairələri bununla razılaşmaz».
Əhməd Davudoğlu ilə birlikdə Yerevana getmiş Robert Koptaş bu barədə məqaləsinin adını belə qoyub - «Davudoğlu axtarışda, Ermənistan təmkinli». O, İstanbulda çıxan «Agos» qəzetinin baş redaktorudur. Robert Koptaş yazır ki, Davudoğlu təyyarədə jurnalistlərlə söhbətində maraqlı mesajlar verib. Nazir bildirib ki, başlıca hədəfləri Ermənistanla sərhədlərin açılması deyil, Qafqazda sülhün bərqərar olmasıdır.
Koptaş da onu da yazır ki, Davudoğlu Ermənistana Qarabağ ətrafındakı erməni nəzarətində olan bölgələrdən ikisindən çəkilmə təklifi ilə getməsi xəbərləri yalanlayıb: «Davudoğlu əllərində hazır bir forma olmadığını, dialoq yolu ilə bölgədəki donmuş sualların yenidən müzakirə edilə biləcəyi bir ortamı yaratmağa çalışdıqlarını dedi».
«Agos»un redaktoru Yerevanda da həmkarlarının ona tez-tez Davudoğlunun Nalbandiyanla iki rayondan çəkilmə mövzusunda təklifi və bu səfərin niyə indi baş tutması haqqında suallar verib.
«Hürriyet» qəzeti yazır ki, Əhmet Davudoğlu təkcə Türkiyə-Ermənistan sərhədinin açılmasını deyil, Qafqazda sülh şəraitinin formalaşmasını düşünür. Davudoğlu deyib ki, «Bu işin 3 ayağı var. Birincisi, Türkiyə-Ermənistan əlaqələri. Biz Bəşər Əsədlə dost idik. Ancaq bu gün mən Ermənistana gəldiyim kimi, Dəməşqə gedə bilmərəm. Salamlaşmağımız belə çətindir. İkincisi, Azərbaycan-Ermənistan əlaqələridir. Buna, əslində, Cənubi Qafqazda etnik sülh deyə bilərik. Gürcü-abxaz əlaqələri də buna daxildir. Önəmli olan bölgədə gərginliyin aradan qalxmasıdır. Üçüncüsü, türk-erməni əlaqələridir. Yəni, Los-Ancelesdə, Parisdə, Moskvada - harada olursa olsun, türklərlə ermənilər arasındakı problemin ortaq nöqtəyə çatdırılmasıdır». Türkiyənin xarici işlər naziri sadaladığı üç məsələdən heç birinə xələl gəlməməsini şərt sayır: «Deyək ki, biz sərhədi açdıq. Sabah Azərbaycan-Ermənistan sərhədində müharibə başlasa, yenə bağlamaq məcburiyyətində qalacağıq. Ən çətin şey donmuş status-kvonun buzunu əritməkdir. Bu zaman yeni bir müharibə də başlaya bilərsiniz. Buzu bir anda əridim deyərkən, buz elə sınar ki, siz də altında qalarsınız». Davudoğlu «işin irəli getməsi üçün» nə vaxt xaricə getsə, erməni diasporu nümayəndələri ilə görüşməyə önəm verdiyini də söyləyib.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu «Bizim Yol»a bildirib ki, Ankara-Yerevan danışıqları nəticəsində ikinci hansısa güzəştə gedəcək. Politoloq Ermənistanın çətin durumda olmasını Assosiativ Sazişçi imzalamaqdan imtina etməsiylə əlaqələndirib: “Faktiki olaraq, Ermənistan taleyini Moskvayla bağlamış oldu, bu şəraitdə Ermənistan Rusiya amiliylə 100 faiz hesablaşmalıdır. Başqa yol da yoxdur. Düzdür, Ukrayna hadisələri Ermənistan üçün də siyasi mesaj oldu, amma istənilən halda Kremlin İrəvana təsiri çox güclüdür. Unutmaq lazım deyil ki, Vilnüs Sammitindən əvvəl Rusiya prezidenti Putin İrəvana səfər etdi və məlum bəyanatını səsləndirdi. Bu kimi amillər Ermənistanı müstəqil seçim imkanından məhrum edir, o cümlədən, Dağlıq Qarabağ məsələsinin həllində Kremlin iradəsindən kənar addımlar atmağa. Ona görə Türkiyənin səyləri alqışlanan olsa da, səmərəli nəticə verəcəyini güman etmirəm”.
Politoloq Elxan Mehdiyev isə hesab edir ki, əgər Azərbaycan torpaqları işğal altında qala-qala Türkiyə Ermənistanla münasibət qurarsa, bu, iki ölkə münasibətlərinin bizim ərazilərimizin işğalıyla bağlı olmadığı anlamına gəlir: “Ermənistan xarici siyasətinin həssas istiqaməti məhz budur. Əgər Türkiyə qapıları açarsa, bu, Azərbaycanı tamamilə izolyasiyaya salacaq, torpaqlarımızın işğalı uzanacaq. İndiyə kimi Türkiyə Azərbaycanın yanındadır. Ermənistan isə Türkiyə və Azərbaycan tərəfdən siyasi baxımdan blokadadadır. Qapılar açılarsa, Azərbaycan tək qalır”. Onun sözlərinə görə, Ankara Ermənistana qapıları açmağa hazırdır, ancaq bunun üçün bəhanə axtarır. İndi Türkiyədə ictimai rəy elədir ki, o, gərək türk millətinə arqument göstərib qapıları açsın. O arqument də yoxdur, illər uzunu Azərbaycanın torpaqları işğal altındadır. Madrid prinsiplərinə görə, öncə 5 rayon boşaldılmalı olduğu halda Ərdoğanın “heç olmasa 2 rayondan çıxın, biz qapıları açaq” söyləməsi bizim və türklərin nə qədər aşağılanmış vəziyyətdə olduğumuzu göstərir”.
Türkiyə xarici işlər naziri Yerevanda isti qarşılanmayıb. Qalacağı otelin qarşısında onu 1915-ci il hadisələrini soyqırımı kimi tanımağı tələb edən etirazçılar gözləyib. Türkiyə mediasının yazdığına görə, bu səbəbdən Davudoğlu otelə arxa qapıdan girməyə məcbur qalıb. Nalbandiyanla görüşsə bir saatdan çox çəkib.
2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində «Diplomatik münasibətlərin təsisi» və «İkitərəfli əlaqələrin inkişafı» protokollarını imzalayıblar. Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tutmuşdu. İkinci protokol hər iki ölkənin parlamentində ratifikasiya olunandan sonra iki ay içində Türkiyə ilə Ermənistan arasındakı sərhədlər açılmalıydı.
Sözügedən razılaşma Azərbaycanın kəskin etirazı ilə qarşılandı. Bundan sonra Ankara protokolların parlamentdə təsdiqlənməsi üçün Dağlıq Qarabağ probleminin həllinin əsas götürüləcəyini bildirdi. /bizimyol.info/