Bu barədə Təhsil Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Təhsil Nazirliyi geniş ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək.
Nazirlik tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanıb.
Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir. Bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcək.
Bakı şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunub. Məhz bu fakt həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini şərtləndirib.
Təhsil Nazirliyi 2014-2015-ci tədris ilində bütün ölkə ərazisində illik dərs müddətinin 2-3 həftə artırılması, məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə təlimlərin keçirilməsi, keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması, korrupsiya ilə mübarizə üzrə müntəzəm olaraq tədbirlərin keçirilməsi, şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyil və maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi, yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması və s. kimi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.