Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, reydlər əsasən Azadlı prospekti, Həsən Əliyev küçəsi, Heydər Əliyev prospekti, “20 yanvar”, “Koroğlu”, “Gənclik” metrostansiyaları yaxınlığında və digər mərkəzi yollarda keçirilir.
“Bir neçə saat ərzində keçirilən reydlər zamanı yalnız bir ərazidə 5 avtobus sürücüsü sərnişindaşımadan uzaqlaşdırılıb. Avtobus isə cərimə meydançasına aparılıb. Ümid edirəm ki, görülən işlər sərnişindaşımada mövcud problemlərin aradan qaldırılmasına təsir edəcək.bu işlərdə gərək kütləvi informasiya vasitələri nümayəndələri bu işdə bizə köməklik etsinlər”, - deyə K.Əliyev vurğulayıb.
Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb.