Qonşu türkiyəni soyuq hava kütlələri öz cənginə alib. Ölkənin əksər şəhər və vilayətlərində güclü qar və şaxta müşahidə edilir. Şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub. Atatürk hava limanında uçuş zolağında sürüşmənin qarşısını almaq üçün təyyarələr spirtlə yuyulur.
Aeroportun 2 gün ərzində qardan təmizlənməsi 300 min lirəyə başa gəlib. Qarlı hava şəraiti ilə əlaqədar İstanbuldan uçan və İstanbula enən yüzlərlə daxili və beynəlxalq aviareys gecikib və təxirə salınıb.
Kilis vilayətində də qar və buzlaşma fəsadlara səbəb olub. Nəqliyyatın hərəkəti iflic olub, piyadalar yolda gəzməkdə çətinlik çəkirlər. Buzlaşma yollarda qəzalara səbəb olub. Kilis bələdiyyəsi yollara duz səpilməsi işinə başlayıb.
Ən kəskin şaxta isə, həmişə olduğu kimi, Şərqi Anadolu bölgəsində müşahidə edilir. Burada ən aşağı temperatur Qarsda qeydə alınıb - mənfi 14 dərəcə. Xeyli sayda kənd yolu bağlanıb. Ərzurum, Ərdəhan, Ağrı, Ərzincan, İğdır kimi vilayətlərdə də 6-13 dərəcə şaxta müşahidə edilir. Meteoroloqlar isə bölgədə havanın daha da soyuyacağını proqnozlaşdırırlar.